Respublikamızın digər bölgələrində olduğu kimi, Salyan rayonun ümumtəhsil məktəblərində də Nazirlər Kabineti yanında Operativ qərargahın qəbul etdiyi qaydalara müvafiq olaraq “son zəng” tədbirləri keçirilmişdir.
Salyan şəhər 2 saylı tam orta məktəbdə XI sinif şagirdlərinin, məktəb rəhbərliyinin, məhdud sayda müəllimlərin iştirakı ilə keçirilən Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Son zəng” tədbirində məktəbin direktoru Aynur Əsgərova builki mərasimin 44 günlük II Qarabağ müharibəsində Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan müqəddəs torpaqlarımızın azad olunduğu dövrə təsadüf etdiyini vurğulamış, 2020-2021-ci tədris ilində məktəbi bitirmiş 64 məzunu təbrik etmiş, onlara qədəm qoyduqları müstəqil həyatda uğurlar, Vətənin layiqli vətəndaşları olmalarını arzulamışdır.
Təbriklərə qoşulanlar rayon təhsil şöbəsinin məsul işçisi Mehrinur Nağıyeva, ibtidai sinif müəllimləri Məxburə Kərimova, Fərqanə Məmmədova, Roza Məmmədova, veteran təhsil işçisi Teymur Cəfərov məzunlara həyatın enişli-yoxuşlu yollarında büdrəməməyi, çətinliklərlə üzləşdikdə ruhdan düşməməyi, məqsədə çatmaq üçün mətin, iradəli, mübariz olmağı arzulamışlar.
Təhsildə, müxtəlif xarakterli müsabiqələrdə fərqlənmiş şagirdlərə, o cümlədən coğrafiya fənni üzrə keçirilən respublika olimpiadasında gümüş medala layiq görülmüş Mirəsgər Əsgərova, biologiya fənni üzrə keçirilən respublika olimpiadasında bürünc medallla təltif edilmiş Kənan Əlizadəyə fəxri fərmanlar təqdim olunmuşdur.
Tədbirdə, Vətənə, şəhidlərə, şanlı ordumuza həsr edilmiş mahnılar ifa olunmuş, şeirlər səsləndirilmişdir.
Sonda XI sinif şagirdi Səbinə məzunları acılı-şirinli, sevincli-fərəhli, təzadlarla dolu həyata səsləyən son zəngi çalmışdır.
Qeyd edək ki, rayonun 37 tam orta məktəbinin məzunlarının sayı 1070, 51 ümumi orta məktəbi bitirmiş IX sinif şagirdlərinin sayı isə 1736 nəfər olmuşdur.