Azərbaycan 44 günlük müharibəni zəfərlə başa vurdu. Bu bizim tarix qarşısında haqqımız idi. Bunu əldə etməkdə əsasən milli-mənəvi ruhumuzun yüksək olması, rəşadətli ordumuzun hər tərəfli hazırlığı və güclü təchizatı, milli həmrəyliyimiz, dövlətimizin düzgün və hüquqi qanunlara hörmət çərçivəsində apardığı siyasət və idarəçilik və ən başlıcası isə vətən uğrunda canını fəda etməyi bacaran gəncliyin yetişdirilməsi olmuşdur.
Müharibənin başa çatmasına baxmayaraq əsas məqsədinə nail olmaq üçün Azərbaycan dünya siyasəti çərçivəsində diplomatik gedişlər və qəti mövqe nümayiş etdirərək, milli maaraqlarımıza uyğun və reallığa söykənən müstəqil siyasət həyata keçirərək bölgədə söz sahibinə çevrilmişdir.
Bütün bunlarla yanaşı, Azərbaycanın uğurlarının əldə olunmasında daima Azərbaycana dəstək verən dost ölkələrin, xüsusilə qardaş Türkiyənin rolu danılmazdır. Bu dostluq, qardaşlıq tarixən zaman-zaman əsrlər boyu özünü biruzə verməklə sınaqlardan şərəflə çıxmışdır. Məhz bu baxımdan Ulu Öndər Heydər Əliyevin müdrikcəsinə söylədiyi “Bir Millət, iki dövlət” mesajı xalqlarımız arasında dillər əzbəridir. Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın 2021-ci il 16 iyun tarixində Azərbaycan Respublikasının Milli Məclisində etdiyi çıxışı Azərbaycan-Türkiyə qardaşlığının tarixi gerçəkliyinin təcəssümüdür.
Qazanılan Zəfərin bölgəyə sülh və inkişaf gətirəcəyini artıq dünya birliyində qəbul edilməkdədir. Zaman keçdikcə bunu daha çox anlayacaqlar. Möhkəm sülh və əminamanlığa nail olunması yolu beynəlxalq əməkdaşlıqdan keçir. Artıq bu istiqamətdə beynəlxalq əməkdaşlıq platforması Azərbaycan tərəfindən hədəflənir. Xüsusilə altı ölkəni birləşdirən yeni platforma ilə bölgədə sabitlik meydana gələcək, düşmənçiliyin aradan qaldırılması yolunda yeni inkişafetdirici əlaqələr yaranacaqdır. Zəngəzur dəhlizinin bu baxımdan bölgəyə təsiri əvəzsiz rol oynacaqdır.
30 illik işğala son qoyulması yurd-yuvasından didərgin düşmüş insanların öz doğma torpaqlarına qayıdacaqlarını həll etmiş oldu. 30 ildən sonra həmin torpaqlar öz sahiblərinə qovuşacaqlar.
Dünya ictimaiyyəti həqiqəti bilməlidir. Müharibənin nəticələrinin təhlili Qarabağın kimin vətəni olduğunu göstərdi. 30 il əvvəl Qarabağdan çıxmaq məcburiyyətində qalanda soydaşlarımız heç bir yeri dağıtmadılar, heç bir yeri yandırmadılar. Çünki insan öz əlilə qurduğu vətənini dağıda bilməz. Bu gün ermənilərin vandallığını görmək istəyən hər bir kəs gəlsin Qarabağa iki dönəm arasındakı fərqi öz gözləri ilə görsünlər və tarixə reallıqla qiymət versinlər, Qarabağın kimə məxsus olduğunu anlasınlar.
Şuşa bizim müqəddəs bir şəhərimiz, mədəniyyət və mənəvi dəyərləri özündə birləşdirən bir məkandır. Şuşa dünya inciləri sırasında dayana bilən, bəşəriyyətə şəxsiyyətlər, mədəniyyət nümunələri bəxş edən qürurverici bir şəhərdir. Şuşa Qarabağın gözü, Qarabağ isə Azərbaycanın özüdür.
Bu gün işğaldan azad olunmuş ərazilərimizin dirçəldilməsi istiqamətində dövlətin xüsusi proqram xarakterli layihələri həyata keçirilir. Qarabağın dirçəldilməsində Azərbaycana dəstək olan ölkələr də cəlb olunacaqdır. Bu istiqamətdə qardaş Türkiyə birincilər sırasında Azərbaycanın yanındadır. Qardaş ölkə həmişə olduğu kimi, Qarabağın dirçəldilməsində də öz töhfəsini əsirgəmir.
Biz inanırıq ki, tarix boyu həmişə bir-birinə dayaq duran bu iki ölkə əbədi qardaşlığını qoruyacaq, dostluq və qardaşlığın təzahürünü dünyaya bir nümunə kimi nümayiş etdirib və etdirməkdə davam edəcəkdir.
Allahverdi Piriyev,
Salyan rayon Ziyalılar birliyinin sədri, əməkdar müəllim
\