Ermənistanın təxribatı nəticəsində sentyabrın 27-dən etibarən başlayan “Dəmir yumruq” əməliyyatı Azərbaycanın əsl hərbi qüdrətini, yüksək döyüş bacarığını nümayiş etdirərək Ermənistan Silahlı Qüvvələrini diz çökdürdü. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz bütün şəhidlərin, o cümlədən Xocalının qisasını aldı, düşməni darmadağın etdi. Müqəddəs torpaqlarımız 30 illik fasilədən sonra Vətənə qovuşdu. Bu Zəfər son iki əsrdə xalqımızın qəhrəmanlıq tarixinin ən şanlı səhifəsidir. Əlbəttə, cahana səs salan bu möhtəşəm Qələbə təkcə Azərbaycanda, onun ayrılmaz tərkib hissəsi olan Qarabağda deyil, həmçinin Qafqazda, ümumilikdə, dünyada sülhün, sabitliyin, əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasında xüsusi önəm kəsb edir. Şübhəsiz illər keçdikcə bu Zəfərin əhəmiyyəti daha aydın və dərindən dərk ediləcəkdir.
Bölgə ölkələrini –Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstanı birləşdirəcək platformanın yaradılması isə regionda sülhün, sabitliyin təmin olunmasının, düşmənçiliyin, kin-küdurətin, nifrətin aradan qaldırılmasının möhkəm, dayanıqlı, etibarlı qarantı olmaqla yanaşı, həm də regionda bütün sahələr üzrə dinamik iqtisadi inkişafa, müxtəlif istiqamətlərdə qarşılıqlı əlaqələrin sarsılmaz təməlllər üzərində qurulmasına güclü təkan göstərəcəkdir.
Böyük Qələbənin müstəsna əhəmiyyət kəsb edən önəmli cəhətlərindən biri də açılacaq Zəngəzur dəhlizidir. Qədim, gözəl bölgələrimizdən biri olan Zəngəzurla bağlı bir qədər tarixə ekskurs edək. Qədim Azərbaycan torpağı olan Zəngəzurun 1920-ci il dekabrın 1-də sovet rəhbərliyi tərəfindən Ermənistana verilməsi Naxçıvan ərazisini respublikamızdan tamamilə ayırıb. Həmin zaman təxminən 3100 kvadrat kilometr ərazisi olan Şərqi Zəngəzur (Zəngilan, Qubadlı, Laçın, Cəbrayıl rayonları) Azərbaycanın tərkibində qalsa da, sahəsi 4000 kvadrat kilometrə yaxın olan Qərbi Zəngəzur (Qarakilsə (Sisyan), Mehri, Qafan, Gorus rayonları) Ermənistana verilib. Naxçıvan ərazisini Azərbaycandan ayıran Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvana muxtariyyət verilməsi məsələsini zəruri etdi. Naxçıvana muxtariyyət verilməsinin əsası 1921-ci il 16 mart tarixli Moskva müqaviləsi ilə qoyulub, 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsi isə həmin statusu daha da möhkəmləndirdi. Bu müqaviləyə əsasən Naxçıvana hər hansı bir hərbi müdaxilə olunacağı təqdirdə qardaş Türkiyə Respublikası onun təhlükəsizliyinin qarantı kim öz üzərinə öhdəlik götürür.
Zəngəzur dəhlizinin açılması təkcə Naxçıvanın Azərbaycana, Türkiyəyə, türk dünyasına və digər dövlətlərə çıxışını təmin etmir, həmçinin işğalçı siyasəti üzündən özünü blokadaya salmış Ermənistanın da Moskvaya və dünyaya çıxmasında önəmli rol oynayacaqdır. Bu isə Ermənistanın hərtərəfli inkişafına gətirib çıxaracaqdır.
Keçən 30 ilə nəzər saldıqda, həm maddi, həm də mənəvi cəhətdən ağır itkilərimiz oldu. Lakin uzun müddət Vətən həsrəti, torpaq nisgilini ürəklərində gəzdirən qaçqın və köçkünlərimiz ən yüksək səviyyədə bərpa işləri başa çatdıqdan sonra öz ata-baba ocaqlarına qayıdacaq, asudə, rahat ömür sürəcəklər. Əlbəttə, bütün bunların əsas səbəbkarı xalq-iqtidar-ordu birliyinin təntənəsi olan şanlı Qələbəmiz, parlaq Zəfərimizdir.
Onu da qeyd etməliyik ki, II Qarabağ müharibəsi dövründə qardaş Türkiyə həm dövlət, həm də millət olaraq daim Azərbaycanın yanında oldu. Bu məqamda türk dünyasının iki böyük şəxsiyyəti Mustafa Kamal Atatürklə Heydər Əliyevin müdrik kəlamlarını xatırlamaq yerinə düşər. Atatürk demişdir:”Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir.” Heydər Əliyev isə Azərbaycanla Türkiyənin doğmalığını belə ifadə etmişdir:”Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir.”
Balkan müharibəsində Azərbaycanın böyük şairi Əhməd Cavad azərbaycanlı gənclərlə birlikdə Osmanlı Ordusunun tərkibində döyüşüb. Türkiyə üçün ölüm-dirim savaşı olan Çanaqqala döyüşündə 3 min həmvətənimiz türk qardaşlarımızla birlikdə qəhrəmanlıq, igidlik göstərib. Xalqımızın yaddaşında daim yaşayacaq Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Bakını, Gəncəni, Şamaxını, Lənkəranı, Salyanı və digər bölgələrimizi erməni-bolşevik dəstələrindən azad etmiş, paytaxtın Gəncədən Bakıya köçürülməsinə şərait yaratmışdır. Qeyd edək ki, Nuru paşa Qafqaza daxil olarkən ermənilər 12 mindən çox türkü, müsəlmanı qətlə yetirmişdilər.
Vətən müharibəsində Ermənistanın vəhşi, barbar hərəkətləri, törətdikləri vandalizm aktları Qarabağ torpaqlarının kimlərə aid olduğunu aydın şəkildə sübuta yetirir. 30 il əvvəl azərbaycanlılar məcburiyyət şəraitində qalaraq doğma ocaqlarını tərk etdikdə heç bir dağıntıya yol verməmişdilər. Bu, bir həqiqətdir ki, insan doğulduğu yurdu, məmləkəti dağıda bilməz. Ona görə də dünya həqiqəti bilmək istəyirsə, 30 il Qarabağda, o cümlədən Xocalıda baş verənlərə obyektiv, ədalətli yanaşma nümayiş etdirməli, dağıdılmış, yandırılmış ərazilərə gəlib əsl həqiqəti öz gözləri ilə görməlidir.
Qarabağ xanlığının banisi Pənahəli xanın zamanından mədəniyyət, incəsənət beşiyi, Qafqazın Konservatoriyası adlandırılan füsunkar, gözəllər gözəli, cənnətməkan Şuşa dahi bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Natəvanın, Rəşid Behbudovun və neçə-neçə görkəmli mədəniyyət və incəsənət xadiminin vətənidir. Bu torpağın yetirməsi olan Əhməd bəy Ağaoğlu təkcə Azərbaycanın deyil, bütün türk dünyasının dahi mütəfəkkirlərindən biridir.
Bu gün azad edilmiş müqəddəs torpaqlarımızda geniş tiikinti-quruculuq işləri həyata keçirilir. Yollar sürətlə inşa edilir, su kəmərləri çəkilir, elektrik stansiyaları qurulur və istifadəyə verilir. İnfrastruktur obyektləri inşa edilir. Qardaş Türkiyə də bölgədə məktəb, xəstəxana və digər obyektlərin inşasında yaxından, fəal iştirak edir.
Bəli, dövlətimizin, xalqımızın gücü ilə doğma Qarabağımız əvvəlkindən də abad, yaraşıqlı olacaq. Bu cənnət diyara gələnlər onun gözəlliyi qarşısında heyrətə gələcək, dönə-dönə bu yerləri görmək arzusunda olacaqlar.
İlqar İlyasov,
Saıyan Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru