Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 27-28-də I ixtisas qrupu, həmçinin iyulun 28-də IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. İyulun 27-də keçiriləcək imtahanda 19 min 184, iyulun 28-də I və IV ixtisas qrupları üzrə keçiriləcək imtahanlarda isə 14 min 426 nəfər olmaqla, ümumilikdə 33 min 610 abituriyentin iştirakı nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanlar saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Xatırladaq ki, iyulun 27-də imtahanlar 11 şəhər və rayonda - Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq. İyulun 28-də isə yuxarıda qeyd olunan rayon və şəhərlərlə yanaşı (Qazax istisna), Naxçıvan, Şəmkir, Sumqayıt, Abşeron, Mingəçevir, Zaqatala, Ağcabədi, Kürdəmir, Sabirabad, Cəlilabad, Masallı, Quba olmaqla, ümumilikdə 22 şəhər və rayonda imtahan keçiriləcək.