Oxçuçay çayının ermənilər tərəfindən çirkləndirilməsi təkcə işğal illərində deyil, əvvəlki dövrlərdə də özünü büruzə verib. Otuz il müddətində Zəngilan rayonunun yaşayış yerləri, tarixi abidələri, həmçinin mədəni irsi erməni vəhşiliyinə məruz qaldığı kimi, Oxçuçay çayı da erməni vandallığından yan keçməyib.
Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşü sayəsində erməni işğalçılarından azad olunan Zəngilanda həyat artıq öz axarına qayıdır.
AZƏRTAC-ın əməkdaşı rayonda olub və öz təəssüratlarını qeydə alıb.
Yolboyu işğaldan azad edilən torpaqların hər qarışında erməni vəhşiliyinin izləri görünür. Buna baxmayaraq, burada dövlətimiz tərəfindən aparılan tikinti-quruculuq işləri buranın əvvəlkindən daha gözəl, abad gələcəyindən xəbər verir. Nəhayət, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilana çatırıq. Dayanacaq yerimiz isə Zəngilan rayonundan keçərək Araz çayına qovuşan Oxçuçay çayı olur. Çay mənbəyini Azərbaycanın əzəli torpaqları olan Zəngəzur silsiləsində yerləşən Qapıcıq dağından götürür. Hazırda Ermənistanın istifadəsində olan torpaqlardan keçdiyi üçün həmin ərazidə yerləşən dağ-mədən sənaye tullantılarının hesabına çay kəskin çirklənməyə məruz qalır.
Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi Şakir Albalıyev deyir ki, uzunluğu 85 km olan, 40 km-ə qədəri Azərbaycan ərazisinə düşən Oxçuçay çayının əsas mənbəyi Ermənistan ərazisinə düşür. Hətta ermənilər Azərbaycanın torpağına, milli sərvətinə göz tikdiyi kimi yer adlarını da dəyişdirməyə çalışıb. Buna bariz nümunə kimi, Oxçuçay çayının ermənilər tərəfindən Voxçi adlanladırılmasıdır. Çayın adının oğurlanması azmış kimi həm də təbii sərvətimizin ermənilər tərəfindən çirkləndirilməsi də ekoloji terror deməkdir. Çay əsasən Qafan rayonu ərazisində yerləşən dağ-mədən sənayesinin tullantıları hesabına çirkləndirilir. Çay təkcə işğal illərində deyil, əvvəlki vaxtlarda da tullantılara məruz qalıb. Maraqlı məqam isə ondan ibarətdir ki, ermənilər çayın çirkləndirilməsini çayın Azərbaycana keçdiyi hissədən həyata keçirir.
Ermənilərin çirkin niyyətindən söhbət açan müsahibimiz qeyd edir ki, mənfur qonşularımız suyu çirkləndirməklə həm də Azərbaycana qarşı dolayısıyla soyqırımı tətbiq edirlər. Belə ki, çirkləndirilən su hövzəsi həm insan sağlamlığına ziyan vurduğu kimi, eyni zamanda da çayda yaşayan canlıları məhv edir. Ermənilərin bu əməli təkcə Azərbaycana qarşı deyil, bəşəriyyətə qarşı törədilən ekoloji terrordur. Elə buna görə də ermənilərin faktiki törətdiyi bu cinayətə qarşı təkcə Azərbaycan deyil, dünya ölkələri öz etirazını bildirməlidir.