
Salyan rayonunun kənd təsərrüfatı ilə məşğul olan torpaq mülkiyyətçiləri pambıqçılıq sahəsində respublikamızda öncül mövqedədirlər. Hazırda məhsul tədarükünün qızğın vaxtıdır. Mütəxəssislərin fikrincə, havaların nisbətən soyuması işin ahəngini poza bilməyib. Rayonda məhsul tədarükü ilə 4 şirkət məşğul olur.
Pambıqçılıq sahəsində zəngin təcrübəsi olan “MKT Salyan” filialında rayonun 16 inzibati ərazisindən 586 torpaq mülkiyyətçisi ilə 2.835 hektar sahədə pambıq əkini barədə müqavilə bağlanılmışdır. Sahələrdə bol məhsul yetişdirilmişdir.
Anakur.az bildirib ki, pambıq əsasən texnikanın gücü ilə toplanır. Bununla bərabər tarlalarda defolyasiya işləri də davam etdirilməkdədir. Filialın baş aqronomu Əliskəndər Əliyevlə saytımızın əməkdaşına müsahibəsində deyib ki, ötən il 2000 hektar sahədən 38.5 sentner məhsul əldə edilmişdir. Bu il əkin sahələrinin həcmi artmışdır. Bu, əlavə məsuliyyət olsa da, məhsuldarlığın sabit qalmasına və daha da artırılmasına çalışirıq. Əlavə bir ədəd pambıqyığan maşın gətirmişik. Hazırda sahələrdə 14 pambıqyığan texnika işləyir. Hər gün 150 tondan çox məhsul tədarük olunaraq proqnozlara artıqlaması ilə əməl edilir.
Filialın tədarük meydanlarında, istehsal sexlərində işlər qaydasındadır. Belə ki, pambıq dolu qoşqulu traktorlar ardı arası kəsilmədən filialın ərazisinə daxil olur. Məhsul çəkilərək qəbul edildikdən sonra tayalara vurulur. Artıq emal sexlərində də ilk mahlıc istehsal edilməkdədir. İlk məhsul isə artıq sifarişçilərə çatdırmaq üçün hazırdır. Zavodun həyətində məhsul götürmək üçün çoxtonnajlı maşınlar növbəyə durmuşlar.
Öyrənirik ki, filialda işlər iki növbədə təşkil edilmişdir. Burada 100 nəfərdən çox insanın məşğulluğu təmin edilmişdir. Beləcə, böyük pambıqçılıq təcrübəsi olan kollektiv hər gün öz uğurlarını daha da möhkəmləndirməkdədir.Uğurlu olsun.