Azərbaycanın gözəl, füsunkar guşələrindən biri Laçın rayonunun erməni qəsbkarları tərəfindən işğal edilməsi xalqımız üçün son dərəcə ağrılı hal idi. 1992-ci il mayın 17-də strateji baxımdan olduqca əlverişli şəraitdə yerləşən Laçını işğal etməklə ermənilər Ermənistanla keçmiş Dağlıq Qarabağ muxtar Vilayətini birləşdirən dəhlizi açmağa nail olmuşdular. "Böyük Ermənistan" yaratmaq kimi sərəm ideyalarını reallaşdırmaq üçün ölkəmizə qarşı ədalətsiz müharibəyə başlamış erməni faşistlərinin Laçını işğal etməsi nəticəsində rayonun təhsil, səhiyyə, mədəniyyət ocaqları tar-mar edilmiş, məscidlər, tarixi-mədəni abidələr yerlə-yeksan edilmişdi. Çoxsaylı həmvətənlərimiz qətlə yetirilmiş, yaralanmış, ömürlük şikəst olmuşdular. Lakin Laçının mərd oğulları işğalçılara qarşı qəhrəmanlıqla döyüşmüş, Vətən naminə, torpaq uğrunda həyatlarını qurban verərək şəhidlik zirvəsinə yüksəlmişlər.
Vaxtilə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan xarici siyasət sayəsində torpaqlarımızın azad olunması istiqamətində mühüm addımlar atılmışdı. Bu baxımdan ən böyük siyasi uğur BMT-nin Təhlükəsizlik Şurası tərəfindən Ermənistan qoşunlarının işğal altında olan ərazilərimizi qeyd-şərtsiz olaraq tərk etmələrini nəzərdə tutan 4 qətnaməsi qəbul edilmişdi. Təəssüflər olsun ki, dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT heç bir irəliləyişə nail olmadı və ya olmaq istəmədi.
Əsası Ulu Öndər tərəfindən qoyulan ordu quruculuğu onun ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi-diplomatik fəaliyyəti ilə yanaşı, ordumuzun gücləndirilməsi də daim diqqət mərkəzində olmuşdur. Ölkə başçımız ən mötəbər kürsülərdən dəfələrlə bildirmişdir ki. Azərbaycan bir qarış torpağını da güzəştə getməyəcəkdir.
Ermənistanın bir-birinin ardınca hərbi təxribatlara cavab olaraq başlanan II Qarabağ müharibəsində Ermənistanın imzalamağa məcbur edildiyi kapitulyasiya aktının müvafiq bəndinə əsasən Ağdam və Kəlbəcərdən sonra Laçın rayonu da azad edildi. 1992-ci ildə Azərbaycandakı daxili və siyasi çəkişmələr nəticəsində işğal altına düşmüş Laçında müqəddəs üçrəngli bayraqlarımız dalğalanır.
Ölkə başçımız, silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Laçının azad olunmasını tarixi hadisə adlandıraraq vurğulamışdır: "Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Böyük Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxartdı i, üç rayonumuz -Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonu bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq".
Ölkə başçımızın qürur doğuran, xoş ovqat yaradan hər sözü, hər cümləsi xalqımıza, o cümlədən laçınlılara sonsuz sevinc, fərəh bəxş etdi. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarix yazdı. Qarabağın azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub əbədiyyətə qovuşan şəhidlərimizin müqəddəs ruhları bu gün rahatdır.
Yenidənqurma. Tikinti-quruculuq, yenidənqurma, bərpa işləri başa çatdıqdan sonra laçınlılar qalib kimi doğma yurdlarına qayıdacaq və əbədi olaraq bu torpaqlarda yaşayacaqlar. Laçın bizim idi, yenə də bizim oldu. Möhtərəm Prezidentimizin dediyi kimi, biz işğaldan azad olunmuş torpaqlarımızda əbədi olaraq yaşayacağıq. Bizi heç bir qüvvə buradan çıxara bilməz.