Yahya Əliyev və onun əməlləri illər keçdikçə, nəsillər dəyişdikcə xatırlanacaqdır.
Unudulmaz İnsan, özündən sonra zəngin mənəvi irs qoyub getmiş Yəhya Lütvəli oğlu Əliyevin bu gün anım günüdür.
2009- cu il Sentyabr ayının 1-də amansız ölum ürəyi xalqı üçün döyünən, zamanının görkəmli partiya dövlət və ictimai xadimi, Salyan rayonun ən nüfuzlu ağsaqqallarından biri, vətənpərvər insan, gözəl ziyalı olan bu əvəzsis insanı sıralarımızdan aldı...Lakin yetişdirdiyi kadrlar, həyatını ona layiq davam etdirən övladları bu gün onun əməllərini yaşatmaqdadır. Tərcümeyi halı ilə bir daha tanış olaq.
Yəhya Əliyev 1937-ci il noyabrın 5-də Salyan şəhərində, ziyalı ailəsində anadan olmuşdur. N.Gəncəvi adına Salyan şəhər 2 saylı orta məktəbi qızıl medalla bitirən Yəhya Əliyev Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1962-ci ildə bu institutu bitirərək ali təhsilli müəllim kimi təyinatla Salyan rayonuna göndərilmişdir. Y.Əliyev vaxtilə təhsil aldığı Salyan şəhər 2 saylı orta məktəbdə fizika fənnindən dərs deməyə başlamışdır. 1963-65-ci illərdə bu məktəbdə direktor müavini vəzifəsində çalışmışdır. 1965-67-ci illərdə Salyan rayon komsomol komitəsinin I katibi vəzifəsində çalışan Y.Əliyev rayonda gənclərin ictimai-siyasi fəallığının daha da yüksəlməsinə nail olmuşdur. Yəhya Əliyev 1967-73-cü illərdə Salyan rayon maarif şöbəsinin müdiri vəzifəsində calışmışdır.Yüksək təşkilatçılıq qabiliyyətini nəzərə alaraq o, Salyan rayon partiya komitəsində təşkilat şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir. Yəhya Əliyev bu vəzifədə ona göstərilən etimadı ləyaqətlə doğrultmuşdur.
Y.Əliyev Salyan rayon xalq nəzarəti komitəsinin sədri vəzifəsində də özünü layiqli bir kadr kimi göstərmişdir. 1978-ci ildə Yəhya Əliyev Salyan rayon partiya komitəsinin II katibi seçilmiş, 1991-ci ilə kimi bu vəzifədə çalışmışdır. O, 1991-95-ci illərdə Salyan rayon Xalq Deputatları Sovetinin sədri, 1996-97-ci illərdə akademik F.Məlikov adına Salyan kənd təsərrüfatı texnikumunun direktoru, 1998-2006-cı illərdə Salyan 11 nömrəli bölgə üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifələrində çalışmışdır. 1993-cü ildən YAP-ın üzvü olan Yəhya Əliyev YAP rayon təşkilatı idarə heyətinin üzvü kimi Heydər Əliyev ideyalarının təbliğində fəal iştirak etmişdir.
Yəhya Əliyev Bakı Ali Partiya Məktəbində qiyabi təhsil almış, fasiləsiz olaraq 30 il Salyan rayon Sovetinin deputatı, uzun müddət rayon partiya komitəsinin plenum və büro üzvü olmuşdur.
Yəhya Əliyevin fədakar və qüsursuz əməyi dövlətimiz tərəfindən dəfələrlə yüksək qiymətləndirilmişdir. O, iki dəfə Qırmızı Əmək Bayrağı ordeninə, "Qabaqcıl maarif xadimi" adına layiq görülmüş, dəfələrlə Fəxri Fərmanlar almışdır.
Son illərdə Böyük Vətən müharibəsi veteranları şurası rayon təşkilatının sədri vəzifəsində çalışan Yəhya Əliyev rayonun ictimai-siyasi həyatında fəal iştirak edirdi. O, həyatının mənasını öz zəngin biliyini, təcrübəsini və bacarığını çalışdığı bütün sahələrdə xalqa qüsursuz xidmətdə görürdü
Mənim tərəfdən qələmə alınan “Miras qalmış ömür” kitabı onun xatirəsinə ailəsi və doğmaları tərəfindən bir hədiyyədir.
Yahya Əliyev və onun əməlləri illər keçdikçə, nəsillər dəyişdikcə xatırlanacaqdır.