Narkomaniya bəşəriyyətin düçar olduğu ən təhlükəli bəladır. O, təkcə ayrı-ayrı insanların sağlamlığını deyil, bütövlükdə cəmiyyətin və ictimai quruluşun dayaqlarına ciddi ziyan vurur. Onun açı nəticələrini vətəndaşın özü deyil, birinci növbədə, ailə, kollektiv, dövlət və cəmiyyət çəkməli olur. Əgər əvvəllər o, natural təsərrüfat səviyyələrində mövcud olmaqla narkotik bitkilərin əkildiyi ərazi ilə məhdudlaşırdısa ,artıq narkotik tərkibli bitkilər becərilən yerlərin sərhədini çoxdan aşaraq dünyanın bütün ölkələrinə nüfuz nüfuz etmiş və cəmiyyət üçün sosial, iqtisadi, siyasi, bioloji bəlaya çevrilmişdir.
BMT-nin Narkotiklər və Cinayətlər İdarəsi tərəfindən 2021-ci il üzrə dərc edilmiş “Dünya Narkotik Hesabatı”nda qeyd edilir ki, hazırda Yer kürəsində 275 milyona yaxın insan müntəzəm olaraq narkotik vasitələrdən istifadə edir və bu, 2010-cu illə müqayisədə 22% artım deməkdir. Azərbaycanda 2021-ci ildə qeydiyyatda olan narkotik istifadəçisilərinin sayı 34602 nəfər olub. Ötən il qeydə alınan narkotik istifadəçilərinin 566 nəfəri qadın, 14 nəfəri isə yetkinlik yaşına çatmayan şəxs olmuşdur. Təbii ki, reallıqda bu rəqəmlər daha böyükdür.
Bu gün Azərbaycan cəmiyyətini narahat edən problemlərdən biri də məhz narkomaniya ilə mübarizənin daha effektli aparılması və bu işdə vətəndaş məsuliyyətinin rolundan səmərəli istifadənin təşkilidir. Hər birimiz buna təkçə bir ictimai vəzifə kimi baxa bilmərik. Narkomaniya ilə mübarizə bizim vətəndaşımızın, onun ailəsinin mənsub olduğu millətin və dövlətin sağlam olması, genofondumuzun qorunması məsələsidir. Ciddi narahatlığa səbəb olan vəziyyət ondan ibarətdir ki, bu bəlaya qurşananların sirası getdikcə cavanlaşmaqdadır. Respublika üzrə qeydiyyatda olan narkomanların tərkibində yetkinlik yaşına çatmayan şəxslərin sayı kifayər qədər çoxdur.
Bunlar kimdir? Cavabını hamımız bilirik. Bunlar bizim balalarımız, oğullarımızdır. Bunlar xalqımızı öz intellekti ilə dünya miqyasında təmsil etməyə qadir ola bilən yeniyetmələrimizdir. Bunlar əlində silah ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi üçün düşmənlə üz-üzə dayanacaq, müzəffər ordumuzun Zəfər manifestini davam etdirməyə qadir olan gənclərimizdir.
Biz zərərli vərdişlərə, xüsusən sipirtli içki və narkomaniyaya meyilli olan xalq deyilik. Yəni, bizim ata- babalarımız heç vaxt narkotik bitkilər əkib- becərməmiş, onun satışı ilə məşğul olmamış və bu hallar azərbacanlı ailəsi, bütövlükdə çəmiyyətimiz tərəfindən qəbul edilməmişdir. Ona görə də yetkinlik yaşına çatmayan gənclərimizin pis vərdişlərdən, xüsusən narkotik vasitələrin təsirindən uzaqlaşdırmaq mümkündür. Bunun üçün ölkəmizdə hər çür şərait vardır. İstər dövlət səviyyəsində, istər ailə, istərsə də vətəndaş cəmiyyəti institutları səviyyəsində.Yetər ki, bunun vacibliyini daha dərindən anlayaq
Onu demək yerinə düşər ki, Azərbaycan Respublikasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə dövlət səviyyəsində, mülki və hüquqi qanunvericilik zəminində təşkil edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış fərman və sərəncamlar, qəbul edilən dövlət proqramları bu məsələnin nə qədər prioritet olduğunu göstərməkdədir.
“Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” bu sahədə qəbul edilən mühim dövlət sənədi olmaqla ictimai və sosial həyatımızın demək olar ki, bütün sahələrini əhatə edir. Proqramda əsas məsalələrdən biri də yetkinlik yaşına çatmayan şəxslərin narkotik vasitələrdən çəkindirilməsi üçün nəzərdə tutulan tədbirlər və bu istiqamtdə cəmiyyətimizin hər bir üzvünün üzərinə düşən vəzifələr müəyyənləşdirilmişdir.
Adı çəkilən dövlət proqramında yetkinlik yaşına çatmamaış gənclərlə aparılan işin səviyyəsinin yaxşılaşdırılmasında ailənin, orta və peşə təhsili, ali məktəb müəssisələrinin imkanları ilə yanaşı, çəmiyyətimizin müxtəlif təbəqələrini təmsil edən qeyri-hökumət təşkilatlarının, ağsaqqallıq missiyasını daşıyan insanların, həmçinin səhiyyə, idman, incəsənət və gənclər təşkilatlarının rolu çox böyükdür. Proqramda xüsusi ilə vurğulanıb ki, yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmaları üçün şəraitin yaradılması, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi vacibdir.
Biz hamımız narkotiklərdən zərər çəkmiş uşaqların fərdi reabilitasiyasının və cəmiyyətə reinteqrasiyasının həyata keçirilməsi üçün dövlətimizə dəstək ola bilərik və olmalıyıq. Bu sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatları isə narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə gənclər arasında maarifləndirici tədbirləri yeni dövrün tələbləri səviyyəsində təşkil etməklə bu sahədə həyata keçirilən tədbirlər, onların məqsədi və mahiyyəti barədə ictimaiyyətimizi mütəmadi olaraq məlumatlandırmalıdır
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhali, xüsusən gənclər arasında geniş izahat və ictimai maarifləndirmə işləri aparılmalıdır.
Tanınmış ictimai və din xadimlərinin, incəsənət və idman ustalarının iştirakı ilə mövzuya həsr olunmuş təbliğat xarakterli kütləvi tədbirlərin təşkil edilməsi həmişə müsbət nəticələr vermişdir.
Şəhər və rayonlarda asudə vaxtın səmərəli təşkili məqsədilə yeniyetmə və gənclərə xidmət göstərən dövlət müəssisələrinin fəaliyyətinin inkişaf etdirilməsi, bu sahədə çalışan mütəxəssis və əməkdaşların biliklərinin, bacarıqlarının və peşəkarlıq səviyyəsinin artırılması Proqramın tələblərindəndir.
Xatırlamalıyıq ki, yeniyetmələrin və gənclərin gələcək həyatı üçün böyük təhdidlər yaradan narkomaniyanın gəncləşdiyini və aşağı yaş kateqoriyalı insanlar arasında aludəçilik hallarının gün keçdikcə artdığını diqqətə çatdırmaqla bidiririk ki, gənc nəslin narkomanlığa yuvarlanmasının səbəblərini müəyyən etmək və onların aradan qaldırılmasında dövlətimiziə dəstək olmaq ümdə məsələdir. Bu, eyni zamanda, cinayətkarlığın aradan qaldırılması, cəmiyyətimizin sağlam inkişafı, bütövlükdə isə müstəqil respublikamızın iqtisadi və sosial inkişafına çox böyük töhfə ola bilər
Toğrul Əhədzadə,
Salyan rayon prokurorunun köməkçisi,
birinci dərəcəli hüquqşünas