Laçın-Xankəndi yolunda dekabrın 12-dən başlamış dinc aksiya 37 gündür davam edir. Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” mədənlərində monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar bir an olsun belə öz postlarını tərk etmirlər.
Xalq qəzeti bu günkü sayında bildirib ki, Azərbaycan könüllülərinin sayı gündən-günə artır, hər kəsin əhval-ruhiyyəsi yüksək səviyyədədir. Onların bir məqsədi var: təbii sərvətlərimizin talanmasının qarşısını almaq, ekosidə son qoymaq. Ekofəallar monitorinq qruplarının əraziyə buraxılmasına qərar verilənədək aksiyanı davam etdirəcəklər. Azərbaycan gəncləri Vətən müharibəsində olduğu kimi, bu gün də bir olduqlarını dünyaya göstərirlər.
Yanvarın 10-da Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi zamanı aksiya iştirakçıları ilə bağlı dediyi “İlk növbədə, o gənclərə eşq olsun!” dəstəyindən sonra aksiya keçirilən ərazidə canlanma daha çox müşahidə edilir. Gənclər öz Prezidentinə, dövlətinə inanırlar. Prezidentin dəstəyi onların əzmini, həvəsini daha da artırıb. Fəallar bu haqlı aksiyanın uğurla yekunlaşacağına əmindirlər.
Rusiya sülhməramlılarına, eləcə də Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillər dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər. Bu və digər məqamlar Laçın–Xankəndi yolunda humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir. Ermənistan mətbuatında yayılan və etirazçıların, guya, yolu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Etiraz dalğasının səsi artıq dünyanın dörd bir tərəfindən gəlir. Belə ki, Brüssel Azərbaycan evi və Belçika Azərbaycanlıları Federasiyasının birgə təşkilatçılığı ilə Avropa Parlamentinin qarşısında erməni ekoloji terroruna etiraz əlaməti olaraq dinc aksiya keçirilib. Aksiyada diaspor fəalları Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarına etirazlarını bildiriblər. Aksiya zamanı “Azərbaycanın təbii sərvətlərinin talanmasına etiraz edirik!”, “Erməni ekosidinə son!”, “Azərbaycan ərazilərində ekoloji terroru dayandırın!” tələblərinin əks olunduğu plakatlar nümayiş etdirilib. Bu addımla diaspor fəalları Laçın–Xankəndi yolunda aksiya keçirən azərbaycanlı ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin və könüllülərin tələbləri ilə həmrəy olduqlarını bəyan ediblər.
Ermənilər, eyni zamanda, ölkəmizin şirin su mənbələrini də qurudur və çirkləndirirlər. Belə ki, içməli su hövzələrinə zavod və fabriklərin tullantıları axıdılır. Qarabağ iqtisadi rayonunda təbiət yox olmaq təhlükəsi ilə üzləşib. Aksiyaçılar dəymiş bütün ziyanın hesablanması üçün ərazidə monitorinq keçirilməsini zəruri hesab edirlər.
Beynəlxalq münasibətlər üzrə analitik Masil Dəmirov “Xalq qəzeti”nə açıqlamasında bildirdi ki, beynəlxalq münasibətlər baxımından bu, həm də sivilizasiyaların problemidir: “Çünki təbii sərvətlər, ekologiya anlayışı ümumidir, bütün dünya ölkələrini narahat etməlidir. Ekoloji terror başqa bir ölkədə baş versəydi, yəqin ki, beynəlxalq münasibətlər də fərqli olardı. Ekofəalların inadkarlığı hadisələrin genişlənməsinə sözsüz təsir edir. Cənab Prezidentin aksiyada iştirak edən gənclərin mövqeyini yüksək qiymətləndirməsi, xarici medianın aksiya keçirilən əraziyə ezamı buna misal ola bilər.
M.Dəmirov onu da bildirdi ki, Laçın–Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması zəruridir: “Necə ki, digər sərhədlərimizdə gömrük postları var, ölkəyə gətirilən və çıxarılan məhsullar yoxlanılır, həmçinin, Laçın–Xankəndi yolunda da belə məntəqə olmalıdır. O ərazilər bizimdir və yola Azərbaycan dövləti nəzarət etməlidir. Bu, ölkəmizin beynəlxalq səviyyədə tanınmış hüququdur. Bizi heç bir ölkə, təşkilat bu hüquqdan məhrum edə bilməz. Digər tərəfdən, belə məntəqənin yaradılması hazırda etirazçıların tələblərindən birinə çevrilib.
Möhtəşəm qələbəmizi qəbul edə bilməyən bəzi ermənipərəst ölkələr regionda qarşıdurmaların yaranmasına maraqlıdırlar. Ruben Vardanyan kimdir? Ermənipərəst milyarder oraya ancaq daha da varlanmaq arzusu ilə gəlib. “Qızılbulaq” və “Dəmirli” kimi mədənlərimizin yeraltı sərvətlərinin talanması kütləvi hal aldığından bu, həm də ekologiyanın çirkləndirilməsinə səbəb olur. Bu hal beynəlxalq münasibətlər konteksində suverenliyimizə təcavüzdür, terrorçuluq və quldurluqdur. Buna “dur!” deyilməlidir. Azərbaycan dövləti əzəli torpaqlarını işğaldan azad etdi, Qarabağda gedən hazırkı proseslər isə regionda qarşıdurma, Azərbaycan-Ermənistan arasında gedən sülh danışıqlarının gecikdirilməsidir. Bu qarşıdurmada maraqlı olan ölkələr üçün beynəlxalq müstəvidə cinayətdir”
Beynəlxalq münasibətlər üzrə analitik dedi ki, aksiyaçılar Qarabağda ekoloji fəlakətin mütləq şəkildə dayandırılması tələbini irəli sürürlər. Buna görə də talanan mədənlərə baxış keçirilməli, araşdırmalar aparılmalıdır. Çünki Qarabağda həyata keçirilən oğurluq əməlləri ətraf mühitə də mənfi təsir göstərir. Bu da sonu bilinməyən qanunsuzluğa və özbaşınalığa aparıb çıxara bilər.
Qarabağda davam edən ekoloji terror, separatçılıq, ümumilikdə, ölkəmiz üçün ziyanla nəticələnir, abadlıq-quruculuq işlərinin də ləngiməsinə səbəb olur: “Gedən proseslər oradan didərgin salınmış Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının kobud şəkildə pozulmasıdır. Təbii sərvətlərimizin talanması zamanı bütün normativlər pozulur. Bu, həm də Azərbaycan iqtisadiyyatına zərbədir. Bunun üçün dövlətlər beynəlxalq təşkilatlar mövcud vəziyyət barəsində doğru məlumatlandırılmalı, ermənilərin üzv olduğu təşkilatlara bölgədəki özbaşınalıqlarla bağlı rəsmi müraciət edilməli, hesabatlar təqdim olunmalıdır. Vardanyan və onun kimilərinin Qarabağdan sərvətlərimizi qeyri-qanuni daşıdıqları ölkələrə sorğu göndərilməlidir”.