Avropa İttifaqı Laçın dəhlizi ətrafında yaranmış vəziyyətlə bağlı sanksiyalar mexanizmini nəzərdən keçirmir.
Anakuraz xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Avropa Parlamentinin deputatı Asita Kankonun rəsmi sorğusuna cavabında bildirib.
"Sanksiyalar Avropada xarici və təhlükəsizlik siyasətinin məqsədlərinə nail olmaq üçün ümumi mexanizmlərdən yalnız biridir və hazırkı situasiyada bu, müzakirə olunmur. Avropa İttifaqının səyləri dialoq yolu ilə həll yollarının tapılmasına yönəlib, hansı ki, Ermənistan və Azərbaycan liderləri bu məsələyə artıq münasibət bildiriblər”, - deyə o qeyd edib.
Borrelin sözlərinə görə, Avropa İttifaqı 2022-ci ilin dekabrından Laçın dəhlizindəki prosesləri və onların humanitar nəticələrini diqqətlə izləyir. Borrell hər iki tərəfin xarici işlər nazirləri ilə daimi təmasda olduğunu deyib. Onu da əlavə edib ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da tərəflərlə daimi təmasdadır.
Borrell bildirib ki, Avropa İttifaqı Azərbaycanı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq dəhliz boyunca azad və təhlükəsiz hərəkəti təmin etmək üçün əlindən gələni etməyə çağırıb.
O xatırladıb ki, 2022-ci il oktyabrın 6-da Praqada əldə olunmuş razılaşmaya əsasən, 2022-ci il dekabrın 19-dək Ermənistan və Azərbaycan sərhədində mülki monitorinq missiyası işləyib. Ermənistanın müraciətinə cavab olaraq Avropa İttifaqı bölgəyə yeni missiya göndərmək qərarına gəlib.
“Misiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyi təşviq etmək, yerlərdə inam yaratmaq və Avropa İttifaqı tərəfindən dəstəklənən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına yönəlmiş səylərə töhfə verəcək şəraiti təmin etməkdir” .
Yanvarın 23-də Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri iki illik mandatla Ermənistana göndəriləcək yeni mülki missiyanın formalaşdırılmasını təsdiqləyiblər. Ermənistana gələcək uzunmüddətli mülki missiyaya ekspertlər və avropalı müşahidəçilər də daxil olmaqla, təxminən 100 nəfər daxil olacaq.