Martın 26-da Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” komandaları arasında xeyriyyə oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stadionda oyuna baxıblar.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunda “Qalatasaray” komandası erkən qolla hesabı açıb. Matçın 4-cü dəqiqəsində İstanbul təmsilçisinin heyətində Bafetimbi Qomis fərqlənib. Görüşün 19-cu dəqiqəsində “Qarabağ”ın oyunçusu Redon Cica hesabı bərabərləşdirib. “Qalatasaray” matçın 87-ci dəqiqəsində Mauro İkardinin 11 metrlik cərimə zərbəsindən vurduğu qol sayəsində yenidən hesabda irəli çıxıb. Bu, oyunda sonuncu qol olub. Beləliklə, “Qarabağ” – “Qalatasaray” xeyriyyə matçı İstanbul təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:2.
“Qalatasaray” futbol klubunun prezidenti Dursun Özbək Prezident İlham Əliyevə komandanın oyunçularının imzası olan formanı və digər xatirə hədiyyələrini tədqim etdi.
Bu oyun qardaş Türkiyədə baş vermiş “Əsrin fəlakəti”nin - güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub. Görüşdən əldə olunacaq bütün gəlirlər zəlzələdən əziyyət çəkənlərə yardım üçün Türkiyəyə göndəriləcək. Oyun üçün satışa çıxarılmış 62 mindən çox biletin hamısının qısa müddətdə satılması bu qarşılaşmaya göstərilən böyük maraqla yanaşı, Azərbaycan xalqının çətin gündə qardaş Türkiyə ilə sarsılmaz həmrəylik nümayiş etdirməsinin də əyani təsdiqidir.