Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Astarada təhsil festivalı keçirilib
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsi, Astara Rayon İcra Hakimiyyəti, Lənkəran Rayon Mədəniyyət İdarəsi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən Astara rayonunun dənizkənarı park-bulvar kompleksində təşkil olunub.
Tədbirin açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin deputatları, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Festivalın keçirilməsində məqsəd özəl sektor və ölkə üzrə təhsilin inkişafı üçün digər maraqlı tərəflər arasında regionda əməkdaşlıq platformasının yaradılmasına dəstək verməkdir.
Festivalda müəssisələr xidmət və məhsullarından ibarət stendlər nümayiş etdirir, universitetlər, ümumi təhsil müəssisələri, peşə məktəbləri, bağçalar və məktəblərlə bağlı müxtəlif layihələr təqdim edirlər. Tədbir çərçivəsində tədris ilində xüsusi nailiyyətləri ilə fərqlənən şagirdlər, Vətən müharibəsi iştirakçıları olan təhsil işçiləri ilə görüşlər təşkil edilib.
Respublika və beynəlxalq idman yarışlarının qaliblərinin də təqdimatı keçirilib. İxtisas seçimi, peşə təmayüllü siniflərin istehsalat yönümündə olan təqdimatları, məktəblilərin müxtəlif layihələr üzrə uğurları izləyicilər tərəfindən maraqla qarşılanıb.
Kitab sərgisi, icma və məktəbəqədər təhsil müəssisələrinin şagirdlərinin təqdimatında tamaşa və musiqilər də festivala xüsusi rəng qatıb. Regionun peşə təmayüllü siniflərinin, kimyaçı istedadların və “Aqrobiomüxtəliflik” müsabiqəsinin iştirakçılarının, eləcə də “SABAH” alimləri və STEAM layihələrinin qaliblərinin təqdimatı daha çox diqqət çəkib.
Festival boyunca iştirakçılar maraqlı məlumatlar əldə edib, şagirdlərin rəsm işləri ilə tanış olublar. Ümumi təhsil müəssisələrinin məzunları düzgün ixtisas seçimi, təhsil tələbə kreditləri ilə bağlı da məlumatlandırılıb. Ümumilikdə festivala 5 minə yaxın iştirakçı qatılıb. Təhsil festivalı bu gün başa çatacaq.
Bundan başqa, festival iştirakçıları Astara şəhərində qadınlar arasında 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunlarını da izləyiblər.
Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, 3 digər seçmə komandalar - Almaniya, Çin, Polşa, Çexiya, Macarıstan, Rumıniya, Ukrayna və Avstriya 3x3 qadın yığma komandaları ilə yanaşı, Çinin "Yuanda" və yerli "Neftçi" klubu da Dünya Qadın Seriyasında mübarizə aparacaqlar.