Zaman etibarı ilə heç kəsin ağlına gələ bilməzdi ki, ideyası 100 il əvvəl yaranan, istifadəyə verilməsi isə müxtəlif səbəblərdən 1984-cü ilə qədər uzanan, Sibirə, Uzaq Şərqə yeni həyat gətirən BAM-ın tikintisini elə dəmiryolçu ailəsindən çıxmış, Azərbaycanın xalqının böyük oğlu Heydər Əliyev tamamlayacaqdır. Dünyanın ən böyük dəmir yol magistralının tikintisi onun nəhəng idarəetmə qabiliyyəti, vaxtında və düzgün qərarlar qəbul etmək bacarığı, zəngin idarəçilik təcrübəsi və möhkəm iradəsi hesabına başa çatmışdır.
Qısa tarixi arayış
Baykal Amur Magistralının tikintisinin tarixini yazan rus araşdırmaçıları bu ideyanın 1888-ci ildən yarandığını qeyd edirlər. Sibirin və Uzaq Şərqin təbii sərvətlərinin mənimsənilməsi və ərazilərin hərbi-strateji cəhətdən möhkəmləndirilməsi getdikcə tarixi zərurətə çevrilməkdə idi. Lakin ideyanın strateji və iqtisadi əhəmiyyəti çox böyük olmasına baxmayaraq ərazinin coğrafi mövqeyi, mühəndis-texniki işlərin icrasının çətinliyi və lazımı maliyyə mənbələrinin olmaması səbəbindən tikinti barədə qərar 1932-ci ildə verilmiş, işlərə isə beş ildən sonra başlanılmışdır.
Müəyyən tarixi səbəblərdən magistralın tikintisi illərlə lazımı səviyyədə getməmiş və ən nəhayət direktiv orqanlar tərəfindən 1974-cü ildə “Baykal Amur dəmiryolu magistralının tikintisi barədə” qərar qəbul edilmiş və müasir BAM-ın inşasına başlanılmışdır. Qarşıda isə 3.150 km dəmir yolu çəkmək, onlarla çayın üzərindən 2230 körpü salmaq, 200 dəmir yol stansiyası və qəsəbəsi inşa etmək, 15 min metrdən artıq tunel qazmaq lazım idi. SSRİ məkanında olan bütün respublikalar və onların insan və maliyyə resursları dünyanın ən iri dəmir yolu nəqliyyatı magistralının inşasına yönəldilsə də bu strateji layihənin yaxın on ildə həyata keçməsinə inam yox idi.
Tarix yaradan şəxsiyyət
Tarixdə həmişəyaşar lider kimi qalan, dünyanın qəbul etdiyi dahi şəxsiyyətlərdən biri, xalqımızın müdrik oğlu, görkəmli dövlət xadimi, müasir Azərbaycanın qurucusu və memarı olan Heydər Əliyevin həyat və fəaliyyəti bir insanın fizioloji ömrünə sığmayacaq qədər mənalı və zəngindir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə anadan olmasının yüz illik yubileyini bu il dövlət səviyyəsində iftixar və qürurla qeyd etdiyimiz ümummilli liderimizin həyatının hər səhifəsi vətəninə, xalqına xidmətdə keçmişdir. Mənəvi ömrünün onsuz keçən illəri də gördüyü işlərlə, etdiyi əməllərlə hər kəsin qəlbində ona sonsuz ehtiram və rəğbət hissi oyatmış, xalqına, millətinə başucalığı gətirmişdir.
Biz də kiçik bir araşdırmaçı kimi bu Ümummilli Liderimiz Heydər Əliyevin titanik fəaliyyəti ilə yaxından tanış olduqca görürük ki, tarix yaradan bu şəxsiyyət təkcə Azərbaycanın deyil, keçmiş SSRİ –nin sosial iqtisadi inkişafında, vaxtı ilə sovetlər ailəsində birləşmiş xalqların da həyatında müstəsna rol oynamışdır. Heydər Əliyev 13 il Azərbaycana rəhbərlik etdikdən, geridə qalmış aqrar respublikanı hərtərəfli inkişaf etmiş ölkə səviyyəsinə çatdırdıqdan sonra 1982-ci ildə Sovetlər ittifaqında ali partiya və dövlət orqanlarına məsul vəzifəyə dəvət olunur.
Sov.İKP MK-nın siyasi bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışarkən Heydər Əliyev müstəsna idarəetmə qabiliyyəti, işgüzarlığı, təşəbbüskarlığı ilə fərqlənmişdir. Ona dünyanın qüdrətli dövlətlərindən hesab olunan bir ölkənin ən mühüm və məsuliyyətli, eyni zamanda çətin sahələrini həvalə edirlər. Siyasi büroda hamıdan cavan olan Heydər Əliyev şəxsiyyətinə qarşı mövcud qısqanclıqlara baxmayaraq ümummilli liderimiz ona etibar edilmiş 20-yə qədər nazirliyin işini yüksək səviyyədə kurasiya edə bilmişdir. Məhz buna görə də 1982-1987-ci illər təkcə onun həyat bioqrafiyasında deyil, bütövlükdə SSRİ dövlətinin idarəçilik tarixində xüsusi əhəmiyyətə malik dövr kimi indi də xatırlanır. Obrazlı şəkildə desək Heydər Əliyev bu illərdə artıq iqtisadi və sosial böhranın astanasında olan bir dövlətin iqtisadiyyatını ağır lokamativ kimi polad relslər üzərinə çıxara bilmiş və uzun illər onun sükanı arxasında dayanaraq yeni, strateji əhəmiyyətli layihələrin həyata keçirilməsinə rəhbərlik etmişdir. Bu layihələrin ən möhtəşəmi isə Baykal Amur Magistralı idi. Magistral Heydər Əliyev nəhəngliyinin ən parlaq nümunələrindən biri kimi onun xeyir-duası ilə 1984-cü ildə həyata vəsiqə almışdır.
Əslində Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi işləyərkən artıq 1974-cü ildən bu magistralla maraqlanır, bu ümumittifaq tikintisində Azərbaycan üçün nəzərdə tutulan 209 kilometr yolun vaxtında istifadəyə verilməsini diqqət mərkəzində saxlayırdı. BAM-ın tikintisinə azərbaycanlılıların ilk inşaat dəstəsi 1975-ci ildə gəlmişdi. Azərbaycanlı minlərlə gənci bu nəhəng tikintidə əmək qoymuşdur. Bu dəstənin üzvlərindən biri, vaxtı ilə Salyan Plastik Kütlə Emalı zavodunda çilingər işləyən, hazırda təqaüddə olan Əli Qafarov xatırlayır ki, ilk dəstənin orkestr müşayiəti ilə yola salınma mərasimində Heydər Əliyev çıxış edərək magistralın əhəmiyyətindən danışdı və bizə tapşırıq və tövsiyələrinin verdi.
Heydər Əliyev uzaq Sibirdə gedən işlərlə daim maraqlanmış və lazımı köməklik göstərmişdir. Məhz ulu öndərin bu xüsusi diqqəti hesabına azərbaycanlı inşaatçılar tapşırıqlara iki ay əvvəl əməl edir və istifadəyə verilən stansiyalar isə Azərbaycanın milli ornamentləri ilə bəzədilmişdir.
Heydər Əliyev BAM-ın taleyini həll edir.
1982- ci ilin sonunda BAM-ın inşasına rəhbərlik o vaxtkı siyasi hakimiyyətin ən nüfuzlu və təsərrüfatçılıq sahəsində zəngin təcrübəsi olan Heydər Əliyevə tapşırılır. 9 dekabr 1983-cü ildə Heydər Əliyevin sədrliyi ilə SSRİ Nazirlər Sovetinin BAM-in tikintisi məsələləri üzrə daimi komissiyasında aidiyyatı təşkilatların qarşısında BAM-ın 1984-cü il başa çatdırılması məsələsi qoyulur. 1984-cü ilin əvvəlində isə Komissiyanın birinci iclasında bu obyektin ən aktual məsələləri müzakirə olunur və praktik nəticələrə yönəldilən qərarlar qəbul edilir. Heydər Əliyev təşəbbüsü və rəhbərliyi ilə BAM-ın tarixində ilk dəfə olaraq Sovet ittifaqı nazirlərinin, mütəxəssislərinin bir qrupu xüsusi qatarla 10 günlük səfər edirlər. Heydər Əliyev tikintinin gedişi ilə yerində tanış olarkən görür ki, vəziyyət heç də arayışlarda yazıldığı və qəzetlərdə göstərildiyi kimi deyildir.
Səfərdən sonra məsələ siyasi büroda ciddi müzakirə olunur və Heydər Əliyevin təkliflərini nəzərə almaqla vacib qərarlar qəbul edil. Nəhayət, 01 oktyabr 1984-cü il tarixində dünyanın ən böyük dəmir yolu magistralının Kuanda stansiyasında Heydər Əliyevin iştirakı ilə magistral qovşaqları birləşdirə sonuncu “qızıl yanlıq” relslərin altında olan yatağa sancılır. Heydər Əliyev BAM dəmir yolu xəttinin tikintisini Sibirin və Uzaq Şərqin böyük kəşfi kimi qiymətləndirirdi.
Tarix belə yarandı
Baykal Amur Magistralının tikintisi Heydər Əliyevə həvalə edildikdən sonra tikintinin zaman etibarı ilə az bir müddətdə tamamlanması tarixi hadisə oldu. Bu, Heydər Əliyev nəhəngliyinin ən əyani sübutu idi. BAM-ın Heydər Əliyevlə bağlı çox maraqlı detalları mövcuddur. Bu barədə tarix yaradan şəxsiyyətin öz xatirələrini dinləmək daha doğru olardı.Azərbaycan Prezidenti Heydər Əliyev 25 dekabr 1999-cu ildə Rusiya jurnalistlərinin bir qrupunu Bakıda qəbul edərkən demişdir: “BAM mənim həyatımın ən parlaq dövrlərindən biri olmuşdur. Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü kimi Moskvada işlədiyim dövrdə bir çox sahələrə, o cümlədən nəqliyyata kuratorluq edirdim... O vaxtlar isə BAM Sovet ittifaqı üçün "Əsrin tikintisi" idi. BAM-ı bütün ölkə tikirdi, bu işdə hər bir respublika, hər bir vilayət iştirak edirdi. Mən bu işlə məşğul olmağa başladıqda, təbii ki, BAM üzrə komissiyanın sədri idim, aydınlaşdırıb gördüm ki, işlər qəzetlərdə yazıldığı kimi getmir.
1984-cü ildə BAM-a səfər etməyi qərara aldım. Mən, sadəcə olaraq, Moskvadan təyyarə ilə yola düşmədim, əksinə, qatara minib Vladivostokadək getdim, yolboyu bu tikintinin əsas stansiyalarında, əsas qovşaqlarında dayanırdım…Amma görürdüm ki, adamlar böyük maraqla işləyir, onların bir çoxu BAM ətrafındakı qəsəbələrdə yaşayır, tikinti isə yaxşı getmir. Baykal-Amur magistralının ən mürəkkəb sahəsi Şimali Severamuysk tuneli idi.
...Tarix heç nəyi unutmur. Ümummilli liderimiz Heydər Əliyevin mənalı ömrünün digər sahələri kimi Moskvada, yüksək vəzifədə işlədiyi dövrdə rəhbərlik etdiyi sahələrdə gördüyü işlər, xüsusən, Baykal Amur Magistralının tikintisindəki nəhəng fəaliyyəti illər keçdikcə yenə xatırlanır, haqqında sənədli filmlər çəkilir, bədii nümunələr yaradılır, əziz xatirəsi ehtiramla yad edilir. Xatırlatmaq yerinə düşər ki, bu magistralda Şərqi Sibir dəmir yolunun Anqoya stansiyasındakı vağzal hazırda ümummilli lider Heydər Əliyevin adını daşıyır.
Dahi rəhbər sonralar, xalqın istək və tələbi ilə Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrdə Rusiyanın nəqliyyat naziri Nikolay Aksenkonu qəbul edərkən müsahibinin onun magistral dəmir yolunun inşasındakı tarixi xidmətlərinin unudulmadığı fikrinə belə münasibət bildirmişdir: ”Mənə xoşdur ki, BAM-çılar məni xatırlayırlar. BAM mənim həyatımın ən parlaq dövrlərindən biri olmuşdur.”
Bəli , tarixi xidmətlər unudulmur. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QCS-nin təşəbbüsü, “Rusiya Dəmir Yolları” ASC, Rusiya Nəqliyyat Universiteti və Azərbaycanın Rusiyadakı səfirliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyevin Baykal-Amur magistral xəttinin tikintisində müstəsna rolu” mövzusunda keçirilən tədbirdə bunlar bir daha xatırlanmışdır.
Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin demişdir ki, ki, mürəkkəb geoloji struktura və sərt iqlimə malik ərazidə magistral və dəmir yollarının çəkilməsi əsl qəhrəmanlıq nümunəsi olub: “BAM-ın ərsəyə gəlməsi Sakit okean regionu və Avropa ölkələri arasında ən qısa marşrut olmaqla Sibirin və Uzaq Şərqin təbii ehtiyatlarından səmərəli istifadə edilməsinə əlverişli şərait yaratdı. Heydər Əliyevin BAM üzrə kurator işlədiyi dövrdə tikinti işləri xeyli intensivləşmiş, qarşıya qoyulan məqsədlərə tam nail olunmuşdu”.
Bu gün Baykal-Amur Magistralı türk dünyasını birləşdirir
Heydər Əliyev BAM tikintisini Sibirin və Uzaq Şərqin böyük kəşfi kimi qiymətləndirirdi. Halbu ki, ümummilli liderin siyasi irsini özündə saxlayan mənbələrdə belə bir məlumat da vardır ki, Baykal-Amur Magistralının tikintisinin 1982-ci ildə dayandırılması məsələsi gündəmə gələndə də Sovet rəhbərliyində, məhz Heydər Əliyev buna qarşı çıxaraq, BAM-ın tikintisinə rəhbərliyin məsuliyyətini üzərinə götürür və bu magistralın tikintisini uğurla başa çatdırır.Tarixi, xüsusən türk xalqlarının qədim tarixini yaxşı bilən ulu öndər görürdü ki, tikintisi nəzərdə tutulan magistral türk xalqlarının qədim yurd yerlərini birləşdirəcəkdir. Bu barədə soruşanda Heydər Əliyev gülümsəyərək deyərmiş: "Gedin, xəritəyə diqqətlə baxın, BAM bütövlükdə türk xalqlarının yaşadığı əraziləri əhatə edir və bu magistral burda yaşayan türk xalqları üçün həyati əhəmiyyətə malik qan damarı rolunu oynayır." Heydər Əliyev zamanı qabaqlayaraq sanki hiss edirdi ki, vaxt gələcək türk dünyası azad olacaq və xalqlar azad yaşayacaqdır.
Yeri gəlmişkən qeyd edək ki, ümummilli liderimiz Azərbaycanda siyasi hakimiyyətinin ikinci dövründə də digər qlobal məsələlərlə yanaşı, ölkəmizin nəqliyyat sektorunun inkişafı, Beynəlxalq İpək Yolunun fəaliyyətinə xidmət edəcək TRASECA layihəsinin Azərbaycan hissəsinin reallaşmasına da mühüm Tövhə vermişdir. Bu gün bütün türk dünyasını birləşdirən bu layihələr Heydər Əliyev böyüklüyünün, onun nəhəngliyinin, müqayisəedilməzliyinin nümunələrindəndir.
Sonda xüsusi olaraq onu da demək yerinə düşər ki, 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın qələbəsi Zəngəzur dəhlizinin reallaşmasına, bölgədə yeni beynəlxalq kommunikasiyaların həyata keçirilməsinə yol açacaqdır. Ulu öndərimizin ruhu şaddır ki, onun siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz regionun lider dövləti kimi uğurla inkişaf etməklə, beynəlxalq laqistik layihələrə də rəhbərlik edir.
Rüstəm MƏLİKOV,
”Qələbə” qəzetinin baş redaktoru
Yazı “Azərbaycan Dəmir Yolları”QSC və Azərbaycan Mətbuat Şurasının ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqədə iştirak etmiş sertifikat və mükafata layiq görülmüşdür