Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri yaxınlaşdıqca dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız seçkilərlə bağlı mövqelərini açıqlayırlar.
Anakur.az bildirir ki, ayrı-ayrı ölkələrdə yaşayan həmvətənlərimiz Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bəyan ediblər.
Britaniya Azərbaycan Assosiasiyasının sədri Hafiz Baxşəliyevin məktubunda qeyd olunub ki, İlham Əliyevin rəhbərliyi işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi zamanı xalqımızın tarixi qələbəsinin təmin olunmasında mühüm rol oynayıb: “Britaniya Azərbaycanlıları Assosiasiyası olaraq inanırıq ki, Sizin davamlı rəhbərliyiniz xalqımızı daha da yüksəldəcək, bütün azərbaycanlılar üçün sülh, sabitlik və firavanlığı təmin edəcək Prezident seçkilərinin yaxınlaşdığı bir zamanda Sizə sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik. Sizin rəhbərliyiniz dünya azərbaycanlıları üçün ümid və güc çırağının rəmzidir”.
Birləşmiş Ərəb Əmirlikiləri üzrə Azərbaycanlıların Koordinasiya Şurası 7 fevral 2024-cü il tarixində ölkəmizdə keçirilicək növbədənkənar prezident seçkilərində Sizin namizədliyini “BİZ - Zəfər yoluna davam!” şüarı ilə dəstəklədiyini qürur hissi ilə bəyan edib: “Vətən müharibəsində əldə etdiyimiz qələbə sayəsində Azərbaycan xalqı qalib xalq kimi özünü dünyaya tanıdıb. Qürur hissi ilə demək olar ki, indi Azərbaycan xalqı öz tarixinin ən şərəfli və qürurverici dövrünü yaşayır. Biz əminik ki, Qalib Xalqın seçimi yalnız Qalib Lider olacaq! Sizin rəhbərliyinizlə qalib Azərbaycan bundan sonra da yeni uğurlara imza atacaq!”
“BM Morrison Partners” beynəlxalq hüquq şirkətinin rəhbəri, hüquq elmləri doktoru Fərhad Mirzəyev yazıb ki, uzun illərdir Azərbaycanımızın post-sovet məkanında sabitlik adasına çevrilməsi məhz İlham Əliyevin bacarıqlı diplomatiyasının və müdrik siyasətinin nəticəsidir: “Qarabağın azad olunmasında böyük Qələbəmizə rəğmən, dünyada baş verən geosiyasi hadisələr fonunda Azərbaycanın yeni təhlükələrlə üzləşmək risklərinin mövcudluğu da danılmazdır. Azərbaycanımız naminə qarşıdan gələn seçkilərdə Sizin Azərbaycan Respublikasının Prezidentliyə namizədliyinizə dəstək verməyi özümə vətəndaşlıq və vətənpərvərlik borcu hesab edirəm. Azərbaycanda və xaricdə yaşayan həmyerlilərimizi də Qalib Liderə səs verməyə çağırıram”.
“Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyəti də 7 fevral seçkilərində İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edib. Cəmiyyətin sədri Könül Hacızadə bildirib ki, növbədənkənar Prezident seçkilərində ulu öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən, Azərbaycan xalqına zəfər sevincini bəxş edən, ölkəmizin və xalqımızın adını dünya miqyasında qalibiyyətin ən uca səviyyəsinə çatdıran, qalib Azərbaycan xalqının qalib Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.
Avstraliya-Azərbaycan Türk Dostluq Birliyinin prezidenti İmaməddin Qasımov bildirib ki, bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı başını dik tutur, alnıaçıq, üzüağ, qürurla yaşayır, özünü qalib xalqın nümayəndəsi hesab edir: “Növbədənkənar Prezident seçkiləri müstəqil Azərbaycan dövlətinin tarixində ilk dəfə İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyü tam təmin edilmiş vətənimizin bütün ərazilərində keçiriləcək. Tam əminik ki, Azərbaycan xalqı əvvəlki seçkilərdə olduğu kimi, yenə tarixi seçimini edəcək, sabitliyə, əmin-amanlığa, parlaq gələcəyə səs verəcək”.
Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan-Amerika Gənclər Federasiyası da növbədənkənar Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləmək barədə qərar qəbul edib. Qərarı federasiyanın sədri Günay Məmmədova açıqlayıb: “Biz, ABŞ-da yaşayan azərbaycanlı gənclər hər zaman Sizin iradə və əzminizə arxalanaraq fəaliyyət göstərmiş, Azərbaycanımızı yerli icmalar, ABŞ mətbuatı və akademik institutlarda layiqincə təmsil etmək uğrunda durmadan çalışmışıq. Cənab Prezident, Sizə qarşıdan gələn növbədənkənar Prezident seçkilərində “Qalib xalqın Qalib lideri” şüarı altında dəstəyimizi ifadə edir və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq”.
Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının icraçı direktoru Elnurə Həşimova qeyd edib ki, İlham Əliyevin rəhbərliyi ilə aparılan xarici siyasətin bütün dünyada heyranlıqla izlənməsi, beynəlxalq arenada Azərbaycanın hər keçən gün daha da tanınması və nüfuzunun güclənməsi bizə böyük fərəh hissi yaşadır: “Amerikanın Kaliforniya ştatı və Los-Anceles şəhəri kimi önəmli bölgəsində yaşayan azərbaycanlılar olaraq ən çətin şərait və şərtlərlə üzləşməyimizə baxmayaraq, tarixi ədalətin bərpa olunması yolunda hər zaman qürur hissi ilə dövlətimizə arxalanaraq Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması üçün bütün imkanlarımızla səy göstəririk. Biz Azərbaycan diasporu olaraq qarşıdan gələn növbədənkənar Prezident seçkilərində Sizin qələbənizə inanırıq”.
Vaşinqtonda yaşayan azərbaycanlı rəssam Nərmin Əzimzadə-Sadıqova deyib ki, növbədənkənar Prezident seçkilərində İlham Əliyevin Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədliyini həm Yeni Azərbaycan Partiyasının üzvü kimi, həm də Vətəndən kənarda yaşayıb qəlbi daim Vətən sevgisi ilə döyünən bir ziyalı kimi bəyənir və dəstəkləyir: “Bu gün Azərbaycan qalib dövlətdir. Dünya dövlətləri arasında xüsusi yeri olan bir ölkədir. Qalib Azərbaycan İlham Əliyevin əsəridir!”