Laçınlıların sevinci
Müzəffər Ordumuzun gücü, Ali Baş Komandanın qətiyyəti və xalqımızın iradəsi ilə işğal altında olan torpaqlarımız erməni faşistlərindən azad edildi. Öz yurd-yuvalarından köçkün düşmüş soydaşlarımızın sevinclərinin həddi-hüdudu yoxdur.
Anakur.az "Muğan Şirvan" qəzetinin baş redaktoru Elçin Nəsibiin Sabirabad şəhərində məskunlaşmış Laçın rayonunun Arduşlu kəndindən olan Tahir Mirzəyev, Kazım Turbəndəyev, Göyüş Pənahov və Vüqar Alməmmədovla apardığı müsahibəni təqdim edir:
Tahir Mirzəyev bunları söylədi:
-Ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyev, rəşadətli ordumuz bizə qələbəni yaşatdı. Çox şadıq ki, Qarabağımızın digər rayonları kimi, Laçınımız da işğaldan azad olundu. 48 ailə, 125 nəfər laçınlı Arduşlu kəndinə qayıtmağı həsrətlə gözləyir. İlk olaraq Arduşlu kəndindəki qəbiristanlığa gedib Qarabağ döyüşlərində şəhid olmuş Seyfullanın və Xıdırın məzarlarını ziyarət edəcəyəm.
Kazım Turbəndəyevin dedikləri:
-Bu günlər hər bir soydaşımız sevinc içərisindədir. Hamı qazanılan qələbələrə görə bir-birini təbrik edir. Ordumuz zəfər çaldı, Laçına da bayraq sancdıq. Bu qələbə əzmini bizə qəhrəman əsgərlərimiz bəxş etdi.
Göyüş Pənahov vurğuladı ki, uzun illər beynəlxalq təşkilatlar bizim başımızın altına yastıq qoya-qoya sülh istəyirik, barışığa gedin,- dedilər. Azərbaycan təbii ki, səbrlə gözlədi. Amma artıq səbrimiz tükənmişdi. Qarabağla bağlı BMT-nin 4 qətnaməsi vardı. Hansına əməl olunmuşdu? Artıq biz o nağıllara inanmırıq. Hamımız Ali Baş Komandanın əsgəriyik. İgid əsgərlərimiz əldə silah Vətənin müdafiəsinə qalxdı. Torpaqlarımız azad olundu, bu problemi övladlarımıza saxlamadıq.
Vüqar Alməmmədov dedi:
-Düşmən torpaqlarımızı bizim gücümüz, ordumuz, birliyimiz olmayanda işğal edib. O torpaqlar bizim dədə-babalarımızın yurdudur. Orada hər birimizin əzizlərinin qəbri var. O torpaqlardan güc alıb böyümüşük. Oranın suyunu içmişik, çörəyini yemişik. Bu gün güclü Azərbaycan dövləti və qüdrətli ordumuz var. İnşallah, tezliklə doğma Laçınımıza qayıdacağıq.