Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2020-ci il üzrə sosial durumlarına və media ilə bağlı baş vermiş hadisələrə dair yekun hesabatını açıqlayıb.
JuHİ sədri Müşfiq Ələsgərli Modern.az-a bildirib ki, hesabat təşkilatın 55 KIV redaksiyasının əməkdaşları arasında keçirdiyi sorğu və 2020-ci il ərzində aparılan monitorinqin nəticələri əsasında hazırlanıb. Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, həmçinin, 2020-ci ildə onların diqqətini çəkən hadisələr barədə sualları cavablandırıblar.
Əmək münasibətlərinin rəsmiləşdirilməsi
Azərbaycanda inzibati, maliyyə, iqtisadi və sosial sahələrdə davam etdirilən islahatlar əmək münasibətlərinin rəsmiləşdirilməsi məsələsinə də müsbət təsir göstərib, KİV redaksiyalarında işçilərlə əmək müqavilələrinin bağlanılması sahəsində ciddi nəticələr əldə edilib. Sorğuya cəlb edilənlərin 98 %-i bildiriblər ki, çalışdıqları redaksiyalarda əməkdaşlarla əmək müqavilələri bağlanılıb. Bununla yanaşı, əvvəlki illərdə bu müstəvidə müşahidə edilən bəzi problemlər də davam edib. Bu sırada 2 məqam diqqəti çəkir:
- Fərdi əmək müqavilələrinin müddətli bağlanılması və ya fərdi əmək müqaviləsi əvəvzinə “xidmət müqaviləsi”nin tətbiq edilməsi,
- Real əmək haqqının əmək müqavilələrində göstərilənlərlə uyğunsuzluğu.
Qeyd edək ki, daimi çalışan jurnalistlərə “müddətli müqavilənin”nin tətbiq edilməsi və ya onlarla əmək müqaviləsi əvəzinə xidmət müqaviləsinin bağlanılması əmək hüquqlarını məhdudlaşdırır, ixtisarlar, əmək münasibətlərinə xitam verilmə hallarında jurnalistləri çıxılmaz duruma salır, onların işçi hüquqlarından istifadələrini imkansız edir.
Əmək haqqı, orta aylıq gəlirlər sahəsində durum
Bu kontekstdə 2020-ci ildə ciddi dəyişiklik müşahidə edilməyib. Rəyi soruşulanlardan:
- 74 faizi aylıq gəlirlərinin 700-900 manat;
- 22 faizi aylıq gəlirlərinin 500-700 manat;
- 4 faizi aylıq gəlirlərinin 250-500 manat civarında olduğunu bildiriblər.
Media sahəsində 2020-ci ildə diqqət çəkən hadisə və tendensiyalar
Dövlət və hökumət təmsilçilərinin sosial media müstəvisində aktivliyi, auditoriya ilə interaktiv münasibətləri, KİV-lərlə təmaslarını intensivləşdirdikləri diqqət çəkib. 2018-ci ildən etibarən müşahidə edilməyə başlayan bu tendensiya 2020-ci ildə daha da sürətlənib. Bu dönəmdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın həm milli, həm də transmilli KİV-lərlə canlı təmaslarının intensivləşməsi müşahidə edilib. Prezidentin köməkçiləri Anar Ələkbərovun, Hikmət Hacıyevin KİV təmsilçiləri ilə vasitəsiz görüşləri xarakterik hal alıb.
2020-ci ildə həyatın digər sahələri kimi, media təsisatları da COVİD-19 pandemiyasının təsiri altında olublar. BJF-nin hesablamalarına görə, 2020-ci ildə pandemiya dövrünün iqtisadi-maliyyə durğunluğuna uyğun olaraq, maliyyə gəlirlərindən, reklamlardan məhrum olaraq fəaliyyətlərini dayandıran KİV-lərin sayı ümumilikdə dünya media təşkilatlarının 25%-i həcmindədir. Dünyada hər 3 jurnalistdən 2-si əmək haqqının azaldılması, iş yeri ixtisarı / itkisi və ya iş şəraitinin pisləşməsi ilə üzləşib. Dünyanın 58 ölkəsində 615 nəfər jurnalist virusa yoluxaraq həyatını itirib.
Azərbaycanda isə monitorinqin nəticələrinə görə, 117 nəfər jurnalist COVİD-19-a yoluxub, 8 nəfər jurnalist həyatını itirib. Azərbaycanda pandemiyanın KİV-in fəaliyyətinə təsirini azaltmaq üçün dövlət bir sıra addımlar atıb; “Pandemiya dövründə kiçik və orta sahibkarların dəstəklənməsi” proqramı KİV sahibkarlarına da şamil edilib. Proqram çərçivəsində KİV-lərə dövlət dəstəyi göstərilib ki, bu da KİV-lərdə iş yerlərinin qorunub saxlanılması üçün stimul olub. Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu KİV-lərə maliyyə yardımının göstərilməsini davam etdirib. Ənənəvi yardım proqramının Fond tərəfindən il boyu tətbiq edilməsi media çalışanları, xüsusilə qəzet redaksiyaları üçün əlavə xilas rolu oynayıb. Monitorinqlər göstərir ki, Azərbaycanda məxsusi olaraq pandemiya dövrünün şərtləri altında fəaliyyətini dayandıran KİV qurumu yoxdur. Bununla yanaşı, iş yerlərinin ixtisarı aparılıb. Hesablamalara görə, pandemiya dövründə aparılan ixtisarlar, iş yeri itkisi ölkədə KİV çalışanlarının 4%-ni əhatə edib.
Ermənistanın 2020-ci il boyunca yaratdığı gərginlik fonunda Azərbaycanlı jurnalistlər də ciddi insidentlərlə qarşılaşıblar:
- Brüsseldə fəaliyyət göstərən azərbaycanlı jurnalist- Real Təhlil və İnformasiya Mərkəzinin (“Real TV”) Avropa bürosunun təmsilçisi Xatirə Sərdarqızı iyul ayında erməni millətçiləri tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb.
- KİV işçiləri 44 günlük Vətən müharibəsində, cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində cəlb edilmiş döyüşçü qismində iştirak ediblər.
Döyüş bölgəsində fəaliyyət göstərən jurnalistlər dəfələrlə Ermənistan silahlı qüvvələri tərəfindən atəşə məruz qalıblar: Azərbaycan Dövlət Televiziyasının (AzTV) və İctimai Televiziyanın (İTV) əməkdaşları xüsusilə şiddətli atəş altına düşmüş, şirkətlərə məxsus avtomobillər sıradan çıxarılmışdır. Füzuli Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Qayıdış” qəzetinin baş redaktoru Zibeydə Şakir isə işğaldan azad edilmiş ərazilərə səfər edərkən, minaya düşərək həlak olmuşdur.
Bu dövrdə təqribən 29 nəfər jurnalist ehtiyatda olan zabit və digər kateqoriyalar qismində səfərbərlik proqramına cəlb edilmiş, cəbhə xəttinə göndərilmişlər. Onlardan 4 nəfəri döyüşlərin gedişində yaralanıblar, müxtəlif dərəcəli xəsarətlər alıblar. ATV-nin keçmiş montajçı-əməkdaşı Davud Qurbanov isə şəhid olub.
29 nəfərin sırasından 11 nəfərin döyüşlərdə fərqləndikləri üçün orden və medallarla təltif edilmələri barədə KİV-də və sosial şəbəkələrdə məlumat yayılıb.
2020-ci ildə ümumrespublika yayımlı KİV qurumlarından 3-ü öz fəaliyyətini qismən dayandmış və ya dövriliyini azaltmışdır. Bu sırada məhkəmə “Lider” TV-ni iflas həddi elan edib; “Kaspi” qəzeti gündəlik çapını dayandıraraq, həftəlik çap versiyasına keçmişdir. “Azadinform” İnformasiya Agentliyi isə fəaliyyətini minimuma endirmişdir.
Buna rəğmən, 2020-ci ildə təqribən 15 yeni onlayn KİV qurumu fəaliyyətə başlayıb.
Hesabatda bildirilib ki, Azərbaycanda sərbəst çalışan (freelance ) jurnalistlərin fəaliyyətinin rəsmi qurumlar müstəvisində tanınması epizodu ilk dəfə 2020-ci ildə qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycan Mətbuat Şurasının ölkə jurnalistləri adından ünvanladığı müraciəti nəzərə alaraq, sərt karantin rejimi dövründə fəaliyyətinə icazə verilən kateqoriyalar sırasına VÖEN əldə edib sərbəst çalışan jurnalistləri də daxil edib. Məlumat üçün bildirək ki, sərbəst çalışan jurnalistlərin sayı yüksək rəqəmlərlə ifadə olunsa da, Azərbaycanda onların fəaliyyətinin hüquqi tənzimlənməsi mövcud deyil.
Adları beynəlxalq təşkilatların hesabatlarında “həbsdə olan jurnalistlər” kimi hallandırılan şəxslərdən bir qismi 2020-ci ildə sərbəst buraxılıblar və ya üzərlərindən şərti məhkumluq götürülüb. Bu sırada Əfqan Muxtarlının, “Kanal-13” internet televiziyasının rəhbəri Əziz Orucovun, “Xeber44 saytı”nın təsisçisi Araz Quliyevin, "Azadlıq" qəzetinin bölgə müxbiri Ziya Əsədlinin, Realliq.info saytının təsisçisi İkram Rəhimovun adları qeyd edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun və Milli Televiziya və Radio Şurasının rəhbərliyi yenilənib. İsmət Səttarov Milli Televiziya və Radio Şurasının sədri, Əhməd İsmayılov KİVDF-nin icraçı direktoru təyin ediliblər.
"Siyasi aktivliyin artığı dönəmlərdə, ekstremal vəziyyətlərdə informasiya bolluğu yaratmaq, informasiyanın əlçatımlığını təmin etmək, KİV təmsilçilərinin uyğun dövlət orqanları ilə təmaslarının intensivləşdirilməsi üçün marağın artığı diqqət çəkib. Bu sırada 2020-ci ildə Milli Məclis seçkiləri zamanı aktivləşdirilən “Seçkilər” İnformasiya Mərkəzi”nin işini, COVİD-19 pandemiyasına uyğu olaraq tətbiq edilən sərt karantin rejimi zamanı “Nazirlər Kabineti yanında Operativ Qərargah” vasitəsilə keçirilən gündəlik brifinqləri, 44 günlük Vətən müharibəsi günlərində formalaşdırılan “Hərbi informasiya mərkəzi”nin fəaliyyətini göstərmək olar. Dövlət qurumlarının, rəsmi şəxslərin iştirakı ilə gündəlik brifinqlərin keçirilməsi, jurnalistlərin suallarının operativ cavablandırılması göstərdi ki, informasiya ilə iş Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir",-hesabatda qeyd edilib.