Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının heyəti Şuşada inşa ediləcək məktəb üçün yer müəyyənləşdirmək məqsədilə Azərbaycana gəlib.
Anakur.az xəbər verir ki, MHP liderinin köməkçisi Mövlud Karakaya, Ülkü Ocaqları sədri Ahmet Yiğit Yıldırım və memar Yusif Ziya Günaydın artıq Bakıdadır.
Heyəti Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Azərbaycan Ülkü Ocaqları sədri Hakan Seyhan qarşılayıb.
Heyət bu gün Üzeyir Hacıbəyov adına məktəb üçün Şuşa şəhərinə gedəcək, müvafiq araşdırmalar aparacaq və yer müəyyənləşdirəcək.
Qeyd edək ki, MHP lideri Dövlət Baxçalı Şuşada Üzeyir Hacıbəyovun adını daşıyan məktəb tikintisi üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevdən icazə istəmiş, onun istəyi müsbət qarşılanmışdı. Doqquz illik məktəbin Azərbaycan Himninin bəstəkarı Üzeyir Hacıbəyovun adını daşıyacağı və təməlatma mərasiminin yanvarın 30-da keçirilə biləcəyi vurğulanmışdı.