Vətən müharibəsində qazanılmış Qələbədən sonra dövlətimizin qarşısında duran əsas məsələlərdən biri də şəhid ailələri və qazilərin qayğılarının diqqət mərkəzində saxlanmasıdır. Hazırda Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin problemlərinin dərhal həll edilməsi, onların məişət şəraitinin daha da yaxşılaşdırılması üçün lazımi tədbirlər görülür. Şəhid ailələri və qazilərin qayğıları daim Prezident cənab İlham Əliyevin diqqət mərkəzində olmuşdur.
Bu sahədə görülən işlərdən danışarkən Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanına əsasən şəhid ailələrinin və qazilərin qayğıları ilə bağlı işlərin daha səmərəli və çevik aparılması məqsədilə yaradılmış “YAŞAT” Fondunu xüsusi qeyd etmək lazımdır. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə, həmçinin sosial müdafiəsahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün yaradılmışdır.
“YAŞAT” Fondunun işinin təşkili “ASAN xidmət”də çalışan şəhid ailələrinin üzvləri və qazilərə həvalə olunub.
Böyük humanitar missiyanı özündə ehtiva edən “YAŞAT” Fonduna könüllü ödəmələr dayanmadan davam edir. Sözügedən hal cəmiyyətimizdə yaşanan milli birliyin və həmrəyliyin göstəricisidir. Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.
Fonda daxil olan vəsait ilə əlaqədar məlumatlar mütəmadi qaydada ictimaiyyətə təqdim olunur. İndiyədək fondda 24 804 936 manat toplanmışdır. Həmin vəsaitdən 15 036 831,70 manat fiziki şəxslər, 9 768 105,16 manat isə hüquqi şəxslər tərəfindən ödənilmişdir.
Fondun təşəbbüsü ilə şəhid ailələri və qazilərlə görüşlər keçirilir, onların ehtiyacları müəyyən edilir və mövcud problemlərin həlli istiqamətində müvafiq addımlar atılır. Fondun vəsaiti hesabına bu kateqoriyadan olan ailələrə istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi, təhsil alınmasına, habelə əlavə təhsilə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialın inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi, məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlərin həllində yaxından köməklik göstərilir.
Qısa müddət ərzində 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirilmiş, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilmişdir. Hazırda öhdəliyə götürülmüş şəxslərin sayı 5275 nəfərdir. Reallaşdırılmış ödənişlərin sayı 4141-dir. Fond tərəfindən həyata keçirilmiş ödənişlərin əsas istiqamətləri məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, borc öhdəliklərinin qarşılanması, təhsil xərclərinin ödənilməsi və s. məsələlər olmuşdur.
Həmçinin, Fondun dəstəyi ilə qazilərimizin xarici ölkələrdə müalicələri təşkil edilmişdir. Eyni zamanda “YAŞAT” Fondu tərəfindən Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün humanist layihə həyata keçirilir. Layihə çərçivəsində şəhidlərimizin yeni doğulacaq körpələrinin analarına zəruri xərclərin qarşılanması məqsədilə 1000 AZN pul müavinəti təqdim olunacaqdır. Şəhidimizin yeni doğulacaq övladının adına isə bankda depozit hesabı açılır və həmin hesaba Fonda edilən ianələr hesabına toplanmış məbləğdən 5000 manat köçürülür.
Əslində, “Yaşat” Fondu dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün şəffaf, effektiv və əlçatan platformadır. Bütövlükdə, Fondun yaradılması Prezident İlham Əliyevin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısının bariz nümunəsidir.
Rəşad Zeynalov,
Salyan rayon Yuxarı Xalac-2 saylı kənd tam orta məktəbin direktoru