Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən ardıcıl olaraq təsdiq edilmiş “Regionların soial-iqtisadi inkişafı Dövlət Proqramları”nın uğurla icrası ölkəmizdə qeyri-neft sektorunun inkişafına güclü təkan vermişdir. Belə ki, dövlət büdcəsinin gəlirlərində hər il qeyri-neft sektorundan daxilolmalar artım tempi ilə yüksəlməkdədir. Qeyri-neft sektoru üzrə ixrac potensialı ölkə üzrə hər il üçün nəzərə çarpacaq dərəcədə artır ki, bu da yeni iş yerlərinin yaranmasına, əhalinin məşğulluq səviyyəsinin artmasına böyük təkan verir.
Qəbul olmuş dövlət proqramları nəticəsində ölkədə qeyri-neft sektorunda yüz minlərlə yeni iş yerləri yaradılmış və proseslər bu gün də sürətlə davam etməkdədir. Qeyri-neft sektorundakı sıçrayışları sahələr üzrə təsnifləşdirdikdə ilk növbədə kənd təsərrüfatına diqqətin səviyyəsi və nəticələr barədə ilkin fikirlər yürüdərək son dövrlərdə böyük təsərrüfatların yaradılmasını qeyd etmək yerinə düşür. Belə ki, Aqroparklar adlanan bu təsərrüfatlar 10 min hektarlarla əkinə yararsız və əkin dövriyyəsində olmayan torpaqları əkin dövriyyəsinə qaytarmaqla böyük həcmli meliorasiya və irriqasiya işləri görmüş, nəticədə bu sahələrdə müxtəlif növ mədəni bitkilərin əkinləri təmin edilmişdir. Yüksək məhsuldarlığın nəticələri daxili və xarici bazarlara çıxışı stimullaşdırmış və bu sahədə rəqabətin artmasına təkan vermişdir. Həmçinin, Aqroparklar iribuynuzlu heyvanlarin saxlanılması üçün qapalı tipli tövlələr yaratmaqla ətlik və südlük istiqamətində geniş istehsal sahələri yaratmışlar.
Bunun nəticəsində 10 minlərlə yeni iş yerləri açılmış, məşğulluğun artması davam etməkdədir. Dövlət başçısının xüsusi qayğısı nəticəsində həm iri, həm də xırda təsərrüfatlar bütün növ vergilərdən azad edilmiş (torpaq vergisi istisna olmaqla) fermerlər istehsal prosesindən və son məhsulun bazara çatdırılması prosesinə kimi müxtəlif növ dövlət subsidiya proqramlarına cəlb edilmişdir. Bu da sonda məhsulun maya dəyərinə təsir etməklə məhsuldarlığın artmasına və ixrac qabiliyyətli istehsalın əmələ gəlməsinə səbəb olmuşdur. Bu sahədə hər il ölkənin gəlirləri artır, nəticədə ərzaq təhlükəsizliyi yüksək səviyyədə təmin olunur ki, bu da əhalimizin keyfiyyətli məhsullarla təminatına böyük töhfələr verməkdədir.
Iqtisadiyyatın digər sahələri üzrə qeyri-neft sektorunda artımlar nəzərə çarpacaq dərəcədə yüksəlməkdə davam edir. Belə ki, turizm sektoru, sənaye parkları, kimya sənayesi, həmçinin əzcaçılıq sənayesinin inkişafı göz önündədir. Turizm sahəsində ölkənin müxtəlif bölgələrində iqlimə uyğun olaraq qış turizminə, həmçinin yay turizm komplekslərinin tikintisinə dövlət investisiyalarının yatırılması nəticəsində nəinki daxili, hətta son illərdə xarici turistlərin cəlbində böyük sıçrayışlar əmələ gəlmiş, bu da ölkəyə əlavə valyuta axınının təmin olunmasında dönüş nöqtələri olmuşdur.
Turizm sahələrində 100 minlərlə yeni iş yerləri açılmaqla yanaşı həmin bölgələrdə turist axını kiçik və orta biznesin canlanmasına səbəb olmuşdur. Bu səbəbdən bölgələrimizdə rəqabət qabiliyyətli biznes şəbəkəsi formalaşmaqda davam edir. Ölkə ərazisində sənaye parklarının yaradılması prosesi qeyri-neft sektorunun inkişafına təkan vermiş, ölkədə avtomobil, metallurgiya, elektrik cihazları, maşınqayırma və bu kimi istehsal sahələrinin sürətlə inkişaf etməsinə səbəb olmuşdur. Sənaye məhəllələrinə edilən vergi güzəştləri səbəbindən bu məhəllələrdə istehsal müəsisələrinin yaradılmasına xarici investorlar tərəfindən maraq artmiş və 100 milyonlarla xarici valyuta bu yolla ölkə bazarına daxil olaraq əlavə dəyər yaratmışdır.
Həmçinin Sumqayıt şəhərində yaradılmış Kimya sənayesi parkı bu sahə üzrə hər il yeni-yeni müəssisələrin yaranmasına səbəb olmaqdadır. Nüfuzlu xarici şirkətlər bu parkda müxtəlif təşəbbüslərə qoşularaq daxili investisiyanın da genişlənməsini təmin etməkdədir. Artıq Azərbaycan kimya sənayesi üzrə müxtəlif məhsulları dünyanın onlarla ölkəsinə ixrac etməklə ölkəyə valyuta gəlirləri gətirməkdə davamlı əlaqələri təmin etmişdir.
Son illərdə Azərbaycanda əzcaçılıq sənayesi sürətlə inkişaf etməkdədir. Pirallahı rayonu ərazisində dünyanın məşhur şirkətləri ilə birgə dərman preparatlarını istehsal edən iri əzcaçılıq müəssisələri fəaliyyətə başlamışdır. Bu da yeni iş yerləri ilə yanaşı, əhalinin keyfiyyətli dərmanlarla təminatını gücləndirmişdir. Bu sahə üzrə də valyuta daxilolmalarının ilbəil artım tempi ilə davam etməsi gözlənilir.
Qeyri-neft sektorunda nəzərəçarpan irəliləyişlərdən biri də nəqliyyat sisteminin yenidən qurulması və yeni nəqliyyat dəhlizlərinin yaradılmasıdır. Bu işlər ölkəyə birbaşa strateji əhəmiyyət verməklə yanaşı həm də çox böyük həcmdə valyuta axınını təmin edir. Belə ki, Nəqliyyat dəhlizlərinin yaranması həm hava, həm su, həm dəmir yolları, həm də avtomobil yollarının böyük limanlarının ya yenidən qurulması, ya da yenilərinin tikilməsi ilə müşahidə olunur ki, bu da əhalinin məşğulluğunu ciddi şəkildə təmin edir. Azərbaycan Asiyadan Avropaya keçidi təmin etməklə ən səmərəli və dünya biznes şəbəkəsini maraqlandıran ədalətli tariflərlə ölkədə daşımaçılıq və tranzit mədəniyyətini bərqərar etməkdədir.
Bakı-Tbilisi-Qars dəmir yolu və yeni reallıqlara uyğun olaraq yaradılacaq Zəngəzur dəhlizi, həmçinin qonşu ölkələrin də qoşulacağı müxtəlif istiqamətlər üzrə dəmir yollarının bərpası ölkəyə yeni-yeni valyuta axınını təmin etməklə yanaşı dövlətimizin həm siyasi, həm də iqtisadi qüdrətini artırmaqdadır ki, bu da təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən çöx məharətlə həyata keçirilməsi səbəbindən baş verməkdədir.
Vahid Vahidov,
YAP Salyan rayon təşkilatının İdarə heyətinin üzvü