2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan qələbə ərazi bütövlüyümüzün təmin olunması ilə yanaşı, dünya ictimaiyyətinin erməni vandalizmi ilə daha yaxından tanış olmasına zəmin yaratdı. 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarını xarabalığa çevirən, kəndlərimizi, şəhərlərimizi yerlə-yeksan edən ermənilər ikinci Qarabağ müharibəsində məğlub olduqdan sonra da öz mənfur xislətlərinə uyğun davranışlarını davam etdirirlər. Təcavüzkar ölkə ötən dövr ərzində işğal altında saxladığı ərazilərin hər yerinə, hətta hərbi təyinatı olmayan ərazilərə belə minalar yerləşdirməklə növbəti hərbi cinayətə imza atıb. Qeyd edilməlidir ki, işğaldan azad edilmiş Azərbaycan torpaqlarına basdırılmış minaların xəritələri hələ də Azərbaycana təhvil verilməyib. Bu isə beynəlxalq konvensiyalara ziddir. Belə ki, 1999-cu ildə qəbul olunmuş beynəlxalq Konvensiyaya görə, piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsi qadağan edilib. Onların bu davranışları beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edən müharibə cinayətidir. Yeri gəlmişkən, möhtərəm Prezidentimiz aprelin 20-də Hacıqabul rayonuna səfəri çərçivəsində Azərbaycan televiziyasına müsahibəsində bildirdi ki, minalardan təmizləmə prosesi dayanmadan davam edir. Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir. Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var. Sadəcə olaraq, bu xəritələri verməmək Ermənistanın növbəti hərbi cinayətidir. Müharibə başa çatandan sonra mina xəritələri verilmədiyi üçün 100-dən çox ancaq mülki vətəndaş yaralanıb və həlak olub.
Qeyd edilməlidir ki, bütün bu çətinliklərə baxmayaraq işğaldan azad edilmiş torpaqlarımız minalardan təmizlənir. Sözügedən müsahibədə cənab Prezident onu da vurğuladı ki, Azərbycan dövləti ilə yanaşı, eyni zamanda, həm Türkiyədən, həm Rusiyadan bu sahədə kömək göstərən hərbçilər də bu işlərlə məşğuldurlar. Azərbaycan Müdafiə Nazirliyində bir neçə istehkamçı tabor yaradılıb ki, onlar da bu işlərdə fəal iştirak edirlər və bu günə qədər ən böyük sahəni məhz Müdafiə Nazirliyi təmizləyib.
Bəli, bir daha vurğulanmalıdır ki, Ermənistanın işğaldan azad olunmuş Azərbaycan torpaqlarında minalanmıs ərazilərin xəritəsini təqdim etməməsi beynəlxalq hüquq normalarının pozulmasıdır. Hər bir minaya düşmə halı ermənilərin növbəti cinayətidir və bir gün gələcək ermənilər bunun da cavabını verəcək. Sülh şəraitində insanların minaya düşərək həlak olması insanlığa qarşı terrordur.
Xanış Abbasov,
Salyan rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri.