Rasim Məmməd oğlu İbrahimovu Salyan ictimaiyyəti yaxşı tanıyır. Orta boylu, gülərüz bu insan uzun müddətdir ki, istehsalatda və ictimai həyatda daim aktiv həyat tərzi keçirmişdir. Biləndə ki, onun artıq 70 yaşı var, düzü, inanmadıq. Həqiqət isə belə idi.
Keçmiş dəmiryolçu 1950-ci il oktyabr ayının 17-də Salyan rayonunda, hamının «stansiya» dediyi, əslində isə 20 Yanvar şəhidlərinin xatirəsinə adlandıırılan”20 Yanvar” küçəsində anadan olmuşdur.
Rasim İbrahimov 1957-65-ci illərdə 27 saylı dəmiryol məktəbində orta təhsil aldıqdan sonra Bakı Dəmir Yolu texnikumunda təhsilini davam etdirmişdir. Arzusu, istəyi yaşayış massivi sakinlərinin çoxunun ad-san qazandığı dəmiryolçulardan biri olmaq idi. Lakin həyat onu başqa sahədə sınağa çəkdi. 1971-ci ilin dekabrından 1974-cü ilin noyabr ayınadək Ukraynanın Jitomir şəhərində hərbi xidmətdə oldu. Daha sonra isə doğma Salyana qayıtdı. Dəmir yolu idarəsində çalışmağa başladı. Necə deyərlər, hər şey qaydasında idi…
1986-cı ilin may ayının əvvəlində dünyanı dəhşətli bir xəbər bürüdü. Ukraynada, Çernobl AES-də qəza baş vermişdir. Keçmiş SSRİ məkanında bütün respublikalardan bu faciənin aradan qaldırılması üçün qüvvələr cəlb edildi. Həmin ilin iyun ayından sentyabr ayına kimi Çernobl AES-də baş vermiş qəzanın aradan qaldırılmasında rayonumuzdan 110 nəfər iştirak etmişdir. Onlardan biri də Rasim idi. Qəzanın nəticələrinin aradan qaldırılmasında fəal iştirak etdiyinə görə fəxri fərmana da layiq görüldü.
Bu qısa müddətli ezamiyyət onun həyat kredosunu demək olar ki, tamam dəyişdi. Qəzanın aradan qaldırılmasında iştirak edən həmyerlilərinin problemlərinə can yanğısı ilə yanaşmağa başladı. Əlindən gələn köməyi də əsirgəmədi. Onun vu fəallığı diqqətdən yayınmadı. 2003-cü ilin fevral ayından Salyan Çernobl Əlilləri Cəmiyyətinin rəhbərliyi ona etibar edildi. Bu, ictimai təşkilat onun rəhbərliyi ilə bir sıra kütləvi mədəni tədbirlərin fəal iştirakçısı kimi yadda qalmışdır. O, bu vəzifədə 15 ildən çox fəaliyyət göstərdi. Cəmiyyət üzvlərinin sosial müdafiəsinin təmin olunmasında dövlətimizin göstərdiyi qayğı ilə tam əhatə edilməsində həmişə fəallıq göstərmişdir. İndi bu cəmiyyətin Salyanda 100-ə yaxın üzvü varır.O,hər il aprel ayının 26-sı – Çernobl qəzası gününün geniş ictimaiyyət tərəfindən xatırlanması üçün mətbuatda çıxışlar etmişdir. Çalışdığı müddətdə Salyan Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Çernobl Əlilləri Cəmiyyətinin rəhbərliyi tərəfindən dəfələrlə fəxri fərmanlara və qiymətli hədiyyələrə layiq görülmüşdür.
Hazırda Rasim Məmmədov yaşına və səhhətinə görə ictimai işdən kənarda qalsa da, bu günlər çox qayğılıdır. Deyir ki, Azərbaycan Silahlı Qüvvələrinin döyüş yolunu gündilik izləyirəm. Biz SSRİ məkanında xidmət etmişik. Bu günkü gənclərin isə qismətinə öz doğma respublikalarının əzəli torpaqlarının erməni işğalçılarından azad edilməsi missiyası düşmüşdür. Halal olsun igid, qəhrəman əsgərlərimizə. Azad olunan kənd və qəsəbələrdə, rayon mərkəzlərində üçrəngli bayrağımız dalğalanır.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız qısa müddətdə yağı düşməndən azad ediləcəkdir. Yaşımız imkan verməsə də bir Vətən oğlu kimi, çağırışa biz də hazırıq.
Veteran əsgərə yeni qələbə xəbərləri eşitməyi və yubiley sevincləri arzuladıq.
Rüstəm.