Ömrünü bütünlüklə xalqının maariflənməsinə həsr etmiş Həsən bəy Zərdabinin redaktorluğu ilə 22 İyul 1875-ci ildə “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə başlayan bu gün xalqımızın ictimi fikir, oyanış, milli intibah tarixinin ən parlaq səhifələrindən biridir.
147 illik mətbuat tariximizdə bölgə mətbuatının, xüsusən Salyanda nəşr edilən “Qələbə” qəzetinin də öz yeri vardır. “Qələbə” hazırda ömrünün 98-ci ilini yaşayır. Qəzet rayonun ən qocaman müəsissədir. 2024- cü ilin fevralında qismət olsa 100 yaşını qeyd edəcəkdir.
«Qələbə» qəzetinin səhifələrində Xalq şairi X.R.Ulutürk, Əliağa Kürçaylı, Ağacavad Əlizadə, Aşıq Pənah Pənahov, Oqtay Rza, artıq respublikamızda tanınmış jurnalistlərdən Vaqif Əliyev, Əlövsət Bəşirov, Ziyafət Babayev, Səxavət Qarayev, Əliqismət Lalayev, Rəhim Hüseynzadə, Qulam Sadiq, Fəxrəddin Fərzəliyev, Fazil Qəhrəmanov, Təyyar Nəsirli, Leyla Axundova, Əzizağa Məmmədli ilk qələm məhsullarını məhz «Qələbə» qəzetində çap etdirmişlər.
Milli Mətbuat və Jurnalistika günü münasibəti ilə bu gün Salyan Rayon İcra Hakimiyyətində tədbir keçirildi. Torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov qəzetin kollektivini və respublika televiziyalarının rayonda fəaliyyət göstərən bölgə müxbilərini peşə bayramları münasibəti ilə təbrik edərək onlara cətin və məsuliyyətli işlərində uğurlar arzu etdi.
“Qələbə” qəzetinin baş redaktoru Rüstəm Məlikov kollektivə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi və qəzetin fəaliyyətinin əsas istiqamətləri barədə görülən işlərdən danışdı.
Çay süfrəsi ətrafında davam edən görüşdə iştirakçılar mətbuatımızın, ictimai rəyin aynası olan qəzetlərin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün təkiliflər səsləndirdilər