
Salyan Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən ictimai şuranın üzvlərinin iştirakı ilə şəhər 6 saylı tam orta məktəbində birinci Qarabaq müharibəsi zamanı şəhid olmuş məzunlarının xatirəsinə həsr edilən yeni guşənin açılışı münasibəti ilə tədbir keçirilmişdir. Yeni il ərəfəsində keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, məktəbin müəllim və şagirdləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Torpaqlarımızın müdafiəsi və işğaldan azad edilməsində canlarını qurban vermiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İştimai Şuranın sədri Rüstəm Məlikov çıxış edərək bildirmişdir ki, xalqımız tarixinin ən yadda qalan dövrünü yaşayır. Silahlı qüvvələrimiz Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi torpaqlarımızı düşməndən azad etmiş, bu il sentyabr ayında isə cəmi bir günlük anti-terorr əməliyyatı keçirməklə ərazi bütövlüyümüz tam təmin edilmişdir.
Xalqımız müstəqilliyimizin təmin edilməsində, tarixi ədalətin bərpa olunmasında çanlarını qurban vermiş şəhidlərimizin xatirəsini uca tutur, qəhrəmanlıqları gənc nəslə nümunə göstərir. Məktəbin birinci Qarabağ müharibəsində şəhid olmuş məzunları- kapitan Elsevər Hüseynov, leytenant Fəxrəddin Axundov, Həbib Qurbanov, Əfqan Məmmədov, Azər Həsənov, Yasəf Xankişiyev, Fariz Mustafayev, Vüqar Hüseynov, Vətən müharibəsi şəhidi Səyyad Mövsümovun xatirələri Azərbaycanımızın müstəqilliyi uğrunda şəhid olmuş oğullarımızın sırasında həmişə anılacaqdır. Tədbirdə şəhid məzunlardan iki nəfərinin F. Axundov və A. Həsənovun bu il 60, Ə.Məmmədov və V.Hüseynovun isə 50 yaşlarının 2023-cü ildə tamam olmaları da xüsusi olaraq vurğulanmışdır.
Şəhidlərin ailə üzvlərindən Əlipaşa Məmmədov, Natiq Qurbanov, Şahin Həsənov, Famil Məmmədov, Fəmilə Xankişiyeva, İctimai Şura üzvlərindən Arif Əsgərov, Allahverdi Piriyev, Məhəmməd Ağayev, Sevinc Bünyatova, məktəbin direktor müavini Pünhan Xəlilov, hərbi rəhbər, müharibə veteranı, polkovnik- leytenant Xeyrulla Hüseynov çıxış edərək şəhidlərimizə və onların ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, müstəqilliyimizin əbədi olacağını vurğulamışlar.
Sonda şəhidlərin xatirə güşəsinin önünə tər qərənfillər düzülmüş, məktəbli hərbçilərin və şagirdlərin şəhidlərin xatirəsinə, Zəfərimizə, doğma Azərbaycanımıza həsr edilmiş ədəbi bədii kompozisiyaları nümayiş olunmuşdur.


