“Vətənə sədaqətlə xidmət edən şərəfli peşə sahibi”
7 oktyabr 2024-cü il tarixində YAP Salyan Rayon Təşkilatının inzibati binasında
rayon ictimai ziyalılar birliyinin sədri, Əməkdar müəllim Allahverdi Piriyevin anadan olmasının 70 illiyi münasibətilə keçirilən “Vətənə sədaqətlə keçən ömür” adlı tədbirdə rayon icra hakimiyyəti yanında ictimai şuranın üzvləri, rayonun təhsil, mədəniyyət işçiləri,YAP fəalları, yubilyarın doğmaları, yaxınları, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, Allahverdi Piriyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilmişdir.
Salyan Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nübar Əliyevanın aparıcısı olduğu tədbirdə qeyd olunmuşdur ki, Allahverdi Piriyev 1954-cü il oktyabrın 7-də Salyan şəhərində anadan olmuşdur. 1971-ci ildə Salyan şəhər 7 saylı orta məktəbi(indiki 7 nömrəli texniki fənnlər təmayüllü məktəb-lisey) bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) riyaziyyat fakültəsinə qəbul olunmuş, 1975-ci ildə bu ali məktəbdə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Həmin il təyinatla təhsil aldığı məktəbdə riyaziyyat müəllimi işləməyə başlamışdır. 1976-cı ildə Ukraynada hərbi xidmətini başa vurduqdan sonra yenidən həmin məktəbdə pedaqoji fəaliyyətini davam etdirmişdir. Öz fəaliyyəti dövründə Allahverdi Piriyev bir çox uğurlara imza atmışdır. 1983-cü ildə Təhsil Nazirliyinin Attestasiya Komissiyasının xüsusi rəyinə əsasən ona ən gənc müəllim kimi, “Baş müəllim” adı verilmişdir. 1986-cı ildə “Əmək igidliyinə görə” medalı ilə təltif edilmiş, 1988-ci ildə “Metodist müəllim” adına layiq görülmüşdür. 1990-cı ildə “İlin ən yaxşı müsabiqəsində qalib gəlmiş və mükafatlandırılmışdır.
Allahverdi Piriyev elmi-praktiki konfranslarda daim iştirak etmiş, onun dəyərli rəy və təklifləri iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir. O, rayon təhsilini yüksək nüfuzlu məclislərdə dəfələrlə uğurla təmsil etmiş, ümumrespublika müəllimlərinin konfransının nümayəndəsi olmuş, 1990-1998-ci illərdə Salyan Rayon “Müəllimlər Şurası”nın sədri olmuşdur. Allahverdi Piriyev 1998-ci il sentyabrın 25-də Heydər Əliyev Sarayında keçirilən Azərbaycan Müəllimlərinin XI Qurultayında nümayəndə kimi iştiraketmişdir. Bu qurultay Müstəqil Azərbaycanın III Müəllimlər Qurultayı kimi tarixə düşmüşdür. Təcrübəli, fəal müəllim 1998-1999-cu tədris ilində Təhsil Nazirliyinin rəsmi təşəkkürünə layiq görülmüşdür. 1999-2010-cu illər ərzində dərs dediyi şagirdlər riyaziyyat üzrə yüksək nəticələr əldə etmişlər. Onların arasında 600-dən çox bal toplamış çoxsaylı şagirdləri olmuşdur ki, bu şagirdlərin bəziləri Prezident Təqaüdünə layiq görülmüş, bəziləri isə bir sıra xarici ölkələrdə təhsil almaq hüququ qazanmışlar. 1998-2014-cü illər ərzində rayon təhsil şurasının sədri seçilmişdir. Salyan Rayon İctimai Ziyalılar Birliyinin sədri seçilməsi ilə rayonun ictimai-siyasi həyatında yüksək fəallıq göstərmişdir.
2008-2009-cu tədris ilində Allahverdi müəllimin xüsusi əməyi olduğu 7 nömrəli məktəb respublika üzrə “İlin ən yaxşı məktəbi” adını qazanmışdır. Bütün bu uğurlarına görə, Allahverdi Piriyev 2013-cü ildə ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülmüşdür.
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində 2018-ci ildə 50 nəfərlik nümunəvi şagirdlərin (Əsasən, aztəminatlı ailələrdən ibarət)Gəncə-Şəmkir-Göygöl şəhərlərinə üçgünlük turuna rəhbərlik etmiş və turun uğurla həyata keçirilməsində yaxından iştirak etmişdir.
Allahverdi Piriyev nüfuzlu müəllim olmaqla yanaşı, bütün səviyyələrdə öz mövqeyini bildirməyə qadir olan və dövlətə, dövlətçiliyə sədaqətli, vıətənpərvər ziyalıdır. O, 44 günlük Vətən müharibəsində bütün rayon ziyalılarını öz arxasınca aparmağı bacarmış və dövlətçiliyə sədaqətini yüksək səviyyədə nümayiş etdirmişdir.
Allahverdi Piriyev müharibə dövründə cəbhə bölgəsinə göndərilmiş, orada əsgərlərimizə dəstək olmaqla, onlara vətənpərvərlik ideyaları aşılamış və arxa cəbhədən arxayın olmalarına inandırmışdır. Allahverdi Piriyev, eyni zamanda, çoxlu sayda hərbçilərin yetişdirilməsində xüsusi əmək sərf etmişdir.
Şəhidlərin cəbhə bölgələrindən gətirilməsi və ünvanlarına aparılması, ümumxalq məhəbbəti ilə onların dövlət səviyyəsində dəfnlərinin təşkilində Allahverdi Piriyev bir ziyalı olaraq öz missiyasını yüksək səviyyədə nümayiş etdirmişdir.
Allahverdi Piriyev Salyan Rayon İcra Hakimiyyəti yanında yaradılmış ictimai şuranın üzvüdür və şuranın işində özünün fəallığı, işgüzarlığı ilə seçilir.
Allahverdi müəllim bu gün də rayonun bütün tədbirlərində fəal iştirak edir və ziyalıların tədbirlərə cəlb olunmasında xüsusi nümunə göstərir. O, üzvü olduğu Yeni Azərbaycan Partiyasının bütün tədbirlərində əsl vətənpərvər ziyalı kimi öz töhfəsini verir. O, Prezident seçkilərində Ulu Öndərin əsl təbliğatçısı olmuş., Cənab İlham Əliyevin Prezident seçkilərində təbliğat qrupunun fəal üzvü kimi çıxış etmiş, üzərinə düşən missiyanı ləyaqətlə yerinə yetirmişdir.
Tədbirdə çıxış edənlər Salyan Rayon İcra Hakimiyyəti başçısı aparatının humanitar-siyasi məsələlər şöbəsi müdirinin müavini Məhərrəm Məmmədov, Yeni Azərbaycan Partiyası Salyan Rayon Təşkilatının sədri Elmar Əhmədov, Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tariyel Atamalıyev, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə sektor müdiri Razıgül Dadaşova, rayon ağsaqqallar şurasının sədri Məhəmməd Ağayev, rayon “Qələbə” qəzetinin baş redaktoru, ictimai şuranın sədri Rüstəm Məlikov, 7 nömrəli texniki fənnlər təmayüllü məktəb-liseyin direktoru Arzu Daşpoladova, Təhsil İşçiləri Həmkarlar İttifaqı Salyan Rayon Komitəsinin sədri, Əməkdar müəllim Yaqut Ələsgərova, rayon ziyalıları Etibar Hüseynov, Vaqif İslamov, şəhid atası Rövşən Mehdiyev yubilyarı təbrik etmiş, ona möhkəm cansağlığı, uzun ömür, bundan sonrakı fəaliyyətində də uğurlar arzulamışlar.
Şair-jurnalist Əzizağa Məmmədli yubilyara həsr etdiyi şeirini söyləmişdir.
Allahverdi Piriyevə YAP Salyan Rayon Təşkilatının fəxri fərmanı, hədiyyəsi, rayon ağsaqqallar şurasının fəxri fərmanı təqdim olunmuşdur.
Yubilyar göstərilən diqqətə görə, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmiş, bundan sonra da üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə, xalqına, Vətəninə, Dövlətinə sədaqətlə xidmət göstərəcəyini bildirmişdir.