Bəyanatda deyilir:
“ABŞ Prezidenti Cozef Bayden dünən “1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında XX əsrin əvvəllərində Osmanlı imperiyası ərazisində baş verən hadisələri "soyqırım" adlandırıb. ABŞ kimi qlobal məsuliyyəti olan dövlətin prezidentinin heç bir tarixi, hüquqi və siyasi əsası olmayan iddianı rəsmi şəkildə səsləndirməsi erməni “soyqırımının” beynəlxalq səviyyədə siyasi instrumentə çevrildiyini göstərir. Hesab edirik ki, bu hadisələr yalnız tarixi araşdırmaların predmetinə çevrilməlidir. Tarixi faktlar qeyd olunan dövrdə Anadoluda heç bir soyqırımı aktının baş vermədiyini təsdiq edir. Təsadüfi deyil ki, indiyədək heç bir beynəlxalq məhkəmə "ermənilərə qarşı soyqırım"ın tanınması barədə qərar qəbul etməyib.
Ermənilərin “soyqırım” iddiaları “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan avantürist erməni toplumunun qonşu dövlətlərə qarşı məkrli ərazi iddialarını gerçəkləşdirmək, həmçinin, XX əsrin əvvəllərində və sonunda Cənubi Qafqazda bəşəriyyətə və insanlığa qarşı törətdikləri soyqırım və terror siyasətinə bəraət qazandırmaq cəhdidir.
Əgər ABŞ dünyadakı soyqırım faktlarının aşkarlanaraq nəticələrindən dərs çıxarılmasında maraqlı olsaydı ilk növbədə ermənilərin birinci dünya müharibəsi zamanı və ondan sonrakı dövrdə Şərqi Anadoluda və Cənubi Qafqazda törətdiyi soyqırım zamanı yüzminlərlə türk, müsəlman və yəhudinin milli və dini mənsubiyyətinə görə qətlə yetirilməsini pisləyərdi. Çünki XX əsrin əvvəllərində erməni silahlı dəstələrinin qətlə yetirdiyi türklərin sayı yüzminlərlədir. Eyni zamanda diqqətinizə çatdırmaq istəyirik ki, ermənilərin 1992-ci ildə Xocalıda dinc, mülki azərbaycanlılara qarşı törətdiyi vəhşi cinayət beynəlxalq normalara uyğun olaraq soyqırım aktıdır. Biz Azərbaycan QHT-ləri olaraq Xocalı soyqırımının 30 ilinin tamam olduğu 2022-ci ilin 26 fevralında Cozef Baydendən ictimaiyyət qarşısında çıxış edərək ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı qətiyyətlə pisləməyə çağırırıq.
Azərbaycan QHT-ləri olaraq qardaş Türkiyəyə qarşı aparılan çirkin kampaniyanı və regionda sülhü və təhlükəsizliyi açıq təhdid edən xəstə erməniçilik ideyalarını gücləndirməyə xidmət edən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı yanlış mövqeyini qətiyyətlə pisləyirik. Hər zaman regionda və dünyada uzunmüddətli sülhün, əminamanlığın və təhlükəsizliyin bərqərar olmasına töhfələr verən qardaş Türkiyə dövləti ilə birmənalı şəkildə həmrəy olduğumuzu bildiririk”.