Sentyabr ayının son günlərində Ermənistan Pespublikasının silahlı qüvvələri tərəfindən törədilən təxribatlaın qarşısının alınması məqsədilə Vətənin müdafiəsinə qalxan yüzlərlə gənc sırasında Salyan şəhər 6 saylı tam orta məktəbin çağırışa qədər hərbi hazırlıq müəllimi Murad Oruc oğlu Feyziyev də olmuşdur.
..Minlərlə qalib əsgərimiz kimi, baş leytenant Murad Feyziyevin də döyüş yolu oddan-alovdan keçib. Özü və rəhbərlik etdiyi tağımın heyəti düşmənin hər cür təxribatının qarşısını mətanətlə almış, döyüş meydanında erməni Silahlı Qüvvələrinin çoxçaylı texnikasını və canlı qüvvəsini məhv etmişdir. Komandir söyləyir ki, ilk döyüşümüz Füzuli rayonunun işğal altında olan kəndlərinin düşməndən azad edilməsi əməliyyatı olub. Füzuli şəhəri azad edilsə də, ətrafdakı bir sıra kəndlərə erməni silahlı qüvvələri nəzarət edirdi. Ordumuz düşmənin 30 ilə qurub möhkəmləndirdiyi güclü istehkamları və digər müdafiə qurğularını bir həftəyə sıradan çıxarıb məhv etməyi bacardı.
Muradın tağımı ordumuzun digər qüvvələri ilə birlikdə Xocavənd rayonunun Hadrut qəsəbəsinin, Tuğ kəndinin işğaldan azad edilməsində ön sırada iştirak etmişlər. Nəhayət, Şuşa ətrafındakı, xüsusən Daşaltı əməliyyatı barədə komandir söyləyir ki, biz bilirdik, 1992-ci ilin mayın 8-də erməni işğalçıları artıq Şuşanı tutmuşdular. Milli Ordumuzun o vaxtkı rəhbərliyi şəhəri azad etmək üçün Daşaltı istiqamətindən əks-hücum planı hazırlamış və əməliyyat əsgərlərimizin igidlik və qəhrəmanlıq göstərməsinə baxmayaraq uğursuz olmuşdu. İstiqlal şairimiz Xəlil Rzanın oğlu Təbrizin də bu döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalması və Milli Qəhrəman adına layiq görülməsi xatirimizdə idi. Daşaltıda əsasən duman içində olan ərazidə düşmənlə üz-üzə gəldik. Hətta, onların Azərbaycan dilində sərbəst danışıqlarını da eşidirdik. Hiylə ilə bizi mühasirəyə salmaq istəyirdilər. Vaxtında və qətiyyətlə düşmən məhv edildi.
Silahlı qüvvələrimiz noyabr ayının əvvəlindən başlayaraq Şuşa ətrafında əməliyyat-kəşfiyyat işləri aparmağa başlamışdı. Biz də Laçın dəhlizində birləşərək Şuşaya doğru hərəkət etmək barada əmr almışdıq. Bir qrup xüsusi təyinatlılarımız isə artıq Şuşanın ərazisində idilər. Bu qədim Azərbaycan şəhərinin düşməndən azad edilməsi əməliyyatında heç bir ağır silahdan, hava qüvvələrindən istifadə edilməli. Ən çətin mövqelərdən, keçilməz qayalıqlardan adlayaraq qəhrəman döyüşçülərimiz şəhəri fəth etdilər. Hər birimiz Şuşada olmağımızla qürur duyduq. Yeri gəlmişkən, deyim ki, Şuşanın işğaldan azad edilməsində salyanlı döyüşçülərin də göstərdikləri qəhrəmanlıqlar indi dillər əzbəridir. Mənim tağımımın üzvü olmuş Qədirbəyli İnqilab Tofiq oğlunun adını iftixarla çəkmək istyirəm. Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Baş leytenant Murad Feyziyevin tağımı Şuşa azad edildikdən sonra Şuşa və Xankəndi yolunun bağlanılması əməliyyatlarında iştirak etmək barədə tapşırıq alır. Döyüş zamanı komandir yaralanır. Qələbə xəbərini də hospitalda alır. Hazırda döyüşçümüz özünü gümrah və nikbin hiss edir. Telefonla etdiyimiz söhbətlərə dəqiq və ətraflı cavab verir. Biz Murada və onula birlikdə müalicə alan döyüşçü yoldaşlarına can sağlığı və tezliklə görüşməyi arzu edir, şəhid olanların ruhu qarşısında baş əyirik.
Rüstəm Məlikov.Anakur.az saytının baş redaktoru