Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 30 illik mənfur işğala son qoyması dünyanın aparıcı kütləvi informasiya vasitələri (KİV) tərəfindən diqqətlə, geniş şəkildə araşdırılmaqda davam edir. Bu şanlı Zəfəri XXI əsrin hərb tarixində misilsiz uğur kimi səciyyələndirən beynəlxalq KİV-lər Azərbaycan xalqının birliyini və dövlət başçısına inamını, Vətənə və torpağına bağlılığını, yenilməz Ordumuzun peşəkarlığını və əhali tərəfindən Silahlı Qüvvələrimizə göstərilən dəstəyi qazanılmış Qələbənin əsası kimi xarakterizə edir.
AZƏRTAC xəbər verir ki, müxtəlif xarici media qurumlarının diqqət mərkəzində bu mövzu ilə əlaqədar “CNN Türk” telekanalı “Qarabağda 44 gündə nələr yaşandı?” adlı qısametrajlı sənədli film yayımlayıb.
“Qarabağ” şikəstəsinin sədaları ilə tamaşaçılara təqdim olunan filmdə Prezident İlham Əliyevin Vətən müharibəsində zəfər xəbərləri və KİV-lərə müsahibələrindən mühüm məqamlar əksini tapıb.
Filmdə Vətən müharibəsinin səbəbləri, savaşın başlaması və Qələbə ilə sona çatması ilə bağlı hadisələr, real döyüş səhnələri, hərbçilərimizin düşməni torpaqlarımızdan mərdliklə qovması ardıcıllıqla türkdilli tamaşaçılara çatdırılır.
Vətən müharibəsi ilə bağlı həqiqətləri qaynar nöqtələrdən dünya ictimaiyyətinə türkiyəli jurnalist Fulya Öztürkün təqdimatında hazırlanmış təxminən 15 dəqiqəlik filmdə düşmənin Azərbaycanın yaşayış məntəqələrini raket və artilleriya atəşinə tutması nəticəsində dinc azərbaycanlıların öldürülməsinə dair kadrlar da əksini tapıb.
Təcavüzkar Ermənistanı təslim olmağa və işğalçı qüvvələrinin qalan hissəsinin ərazilərimizdən çıxarmağa məcbur edilməsinə dair hərbi-siyasi proseslərin əks olunduğu sənədli filmin sonunda Bakıda keçirilmiş Zəfər paradından kadrlar da nümayiş etdirilib.
Sənədli filmin hazırlanmasında Türkiyənin Anadolu agentliyinin materiallarından da istifadə olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara