Azərbaycan Respublikası Əmək Məcəlləsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar təsbit olunub. Belə ki, istisna hallarda işəgötürən tərəfindən işçinin işdən çıxarılması qadağandır.
Anakur.az E-huquq.az-a istinadən xəbər verir ki, aşağıdakı kateqoriyalardan olan işçilərin işdən çıxarılmasına qanunla yol verilmir:
- İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
- İşçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə;
- Həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;
- Öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin;
- Məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
- Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.