“Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ifadəsini işlətməsi tarixi səhvdir, tarixi saxtalaşdırmaqdır”.
Anakur.az bildirir ki, bu sözləri Milli Məclisin deputatı Jalə Əhmədova deyib.
Onun sözlərinə görə, tarixdə elə bir “soyqırım” olmayıb:
“Türkiyə tərəfi dəfələrlə tarixçilərin bir araya gələrək bu məsələni araşdırmağı təklif edib. Ancaq Ermənistan tərəfi bundan qaçıb. Çünki, ermənilər bunun saxta və uydurma olduğunu yaxşı bilirlər. 1915-ci il hadisələrini siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Bu məsələyə hər hansı bir siyasətçinin qiymət verməsi və belə bir ifadə işlətməsi tarixi saxtalaşdırmaqdır".
Deputat hesab edir ki, ABŞ prezidenti bu ifadəni işlətməklə açıq şəkildə beynəlxalq hüququ, ədaləti pozub:
“Onlar niyə hələ 30 il bundan öncə məhz ermənilər tərəfindən törədilən Xocalı soyqırımına siyasi qiymət vermirlər? Bax, buradan da görünür ki, onlar qərəzlidirlər. Azərbaycan hər zaman qardaş ölkə Türkiyənin yanındadır. Biz hər zaman Türkiyənin mövqeyini dəstəkləyirik və onlarla birlikdəyik. Necə ki, 44 günlük Vətən müharibəsində birlikdə olduq, bundan sonra da Azərbaycan və Türkiyə birlikdə olacaq. Hesab edirəm ki, ABŞ prezidentinin bu açıqlaması bir daha dünyada ikili standartların olduğunu nümayiş etdirdi. Bir daha qeyd edirəm ki, ABŞ prezidentinin "soyqırımı" ifadəsi qətiyyən qəbuledilməzdir”.