Rayonda sanitar-epidemioloji vəziyyətə nəzarət olunması istiqamətində tədbirlər ardıcıl, məqsədyönlü şəkildə davam etdirilir. Aparılan maarifləndirici işlərin nəticəsidir ki, rayon sakinləri yüksək fəallıqla vaksinasiya prosesinə qoşulmuşlar. Qeyd edək ki. oktyabrın 26-da rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov 3-cü doza ilə peyvənd olunmuşdur. İcra başçısı bildirmişdir ki, hər bir sakin peyvəndləmədə iştirak etməklə bəşəriyyətin başının üstünü almış koronavirusa qarşı mübarizədə öz töhfəsini vermiş olacaqdır. Bu da danılmaz həqiqətdir ki, peyvəndləmə ilə yanaşı, Operativ Qərargahın qaydalarına - tibbi maskadan düzgün istifadəyə, sosial məsafəni gözləməyə və gigiyenik qaydalara riayət etmək çox vacibdir.
Rayonda peyvəndləmə işi barədə ətraflı məlumat almaq məqsədi ilə Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin terapiya şöbəsinin müdiri, vaksinasiya üzrə məsul şəxs Müşviq Abdullayevlə görüşdük. Həkim də vaksinasıya vurduranlar arasında idi. Söhbət zamanı öyrəndik ki, özü də 3-cü dozanı elə bu gün qəbul edir. Həkim əlavə etdi ki, vətəndaşlarımız kompaniyada məsuliyyətlə iştirak edirlər. Bir şəhər və 4 ərazi səyyar məntəqələr fəaliyyət göstərir. Həkimlərimiz də özləri bu prosesdə fəal iştirak etməklə bərabər əhali arasında maarifləndirici söhbətlər aparırlar.
Həkim əlavə etdi ki, iki ilə yaxındır ki, pandemiya dünyaya hökmranlıq etməkdə, ağır fəsadlar törədərək insanların rahat həyatını pozmaqda davam edir. Dünyada neçə-neçə insan yeni koronavirus adlanan virus səbəbindən sağlamlığını, hətta həyatını itirir. Pandemiyanın nə vaxt ömrünü başa vuracağı hər bir bəşər övladını düşündürən ən vacib məsələlərdən biridir.
Aparılan tibbi tədqiqatlar və elmi araşdırmalar göstərir ki, iki doza vaksindən müəyyən müddət keçəndən sonra bədənimizdəki anticisimlər neqativləşməyə doğru gedir, yəni azalır. Daha əvvəl xəstəliyi keçirmiş insan da ikinci, üçüncü dəfə xəstəliyi keçirə bilər. İstər peyvəndləmə, istərsə də təbii yolla yaranmış anticisimlərin miqdarını tələb olunan səviyyədə saxlamaq üçün üçüncü dozaya ehtiyac var. Araşdırmalara görə, üçüncü dozanı ikinci dozadan 6 ay sonra vurdurmaq tövsiyə olunur. Üçüncü doza koronavirusa yoluxmadan 11, yoluxma baş verərsə belə, ağırlaşmadan 19 dəfə qoruyur. İki doza "CoronaVac" peyvəndi qəbul edənlər üçüncü dozanı istənilən vaksin növündən vurdura bilərlər. Yaxşı olar ki, vurulan vaksin davam etdirilsin. Lakin yeni ştammlar göstərdi ki, "CoronaVac" peyvəndi "Pfizer" "Moderna"ya nisbətən qoruyuculuq baxımından bir addım geridə qalır. Aparılan tədqiqatlara görə, "Pfizer" daha qoruyucudur.
Öyrəndik ki, gün ərzində rayon üzrə ümumilikdə 800-900 vaksinasiya olunur ki, bunun da 600-700 nəfəri 3- döza vaksinasiya olunanlardır.
Rüstəm Məlikov,
“anakur.az” saytının baş redaktoru