“Ölümsüzlər” kitabının təqdimatı
Salyan Rayon İcra Hakimiyyətində yazar Elşad Baratın “Ölümsüzlər” adlı kitabının təqdimatı keçirilmişdir. Tədbirdə şəhid Tacəddin Əzizovun atası Şahəddin Əzizov, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak etmişlər.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək Vətən müharibəsində igidlik göstərərək şəhdlik zirvəsinə ucalan oğullarımızın hər birinin xatirəsinin xalqımız tərəfindən ehtiramla yad edildiyini bildirmişdir. Bu mövzuda yazılan hər bir yaradıcılıq məhsulu onların xatirəsinə bir ehtiram olmaqla təqdirəlayiqdir. Bu mənada gənc yazar Elşad Baratın Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Ölümsüzlər” kitabının I cildinin işıq üzü görməsi bu ehtiramın bir nümunəsidir.
Gənc yazar Elşad Barat çıxış edərək II Qarabağ müharibəsində şəhid olan 3 minə yaxın hərbçinin hər biri haqqında şeir yazacağını bildirmiş və çap üzü görmüş ilk kitabda yüzə yaxın şəhid haqqında həsr olunmuş şeirlərin toplandığını bildirmişdir.
Sonra Elşad Barat salyanlı şəhid Tacəddin Əzizliyə həsr etdiyi və kitabın I cildində yer alan şeirini, eləcə də digər şeirlərini səsləndirmişdir.
Kitabın təqdimatında “Qələbə” qəzetinin baş redaktoru Rüstəm Məlikov, Azərbaycan Yazıçılar Birliyi Muğan bölməsinin sədri Nəbi İbrahimov, şair-həkim Nazilə Gültac çıxış edərək bildirmişlər ki, Vətən müharibəsində şəhid olmuş igidlərimizə həsr edilən bədii nümunələrin gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıyır. Bu baxımdan təqdim edilən “Ölümsüzlər” kitabı da mühüm yer tutacaqdır. Bildirilmişdir ki, Salyan rayonunda da Vətən müharibəsində şəhid olmuş 60 qəhrəmanın hər birinin xatirəsi ehtiramla yad edilir, doğum və anım günləri qeyd edilir, adları əbədiləşdirilir, xatirələrinə bulaq kompleksləri inşa edilir.
Qeyd edək ki, kitabın məsləhətçiləri xalq yazıçısı Anar və xalq şairi Nəriman Həsənzadə, redaktoru isə Əsəd Cahangirdir. Kitaba ön sözü Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev yazmışdır.
Kitabda Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlının, şair Ağacəfər Həsənlinin fikirləri də yer almışdır.