Masallı rayonunun Qarğalıq kəndində Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun çavuşu Rafail Hüseynovun xatirəsi doğum günündə ehtiramla anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi şəhid Rafail Hüseynovun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov şəhid ailəsinin üzvlərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbənin əhəmiyyətindən, qəhrəman əsgər və zabitlərimizin misilsiz fədakarlıqlarından, onların xalqımıza yaşatdığı əvəzedilməz sevinc və qürur hissindən, doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən Rafail kimi şəhidlərimizin vətənpərvərliklərindən danışıb.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Rafail Hüseynovun ölümündən sonra layiq görüldüyü 3-cü dərəcəli “Rəşadət” ordeni və “Şuşanın azad olunmasına görə” medalı onun ailə üzvlərinə təqdim edilib.
Şəhidin atası Teymur Hüseynov ölkəmizdə şəhid ailələrinin hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarını qeyd edərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.