Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir
Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər.
Hər bir millətin gələcəyi onun gəncliyindən asılıdır. Çünki sağlam təfəkkürlü, geniş dünyagörüşlü gəncliyin formalaşması həm də Azərbaycanın parlaq gələcəyi deməkdir. Buna görə də ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsi olaraq bu gün cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyətilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində artıq bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Azərbaycan dövləti gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyat üçün əhəmiyyətli məsələ kimi baxmışdır. Vətənin tərəqqisi naminə çalışmaq üçün gənclərin müəyyən sənətə, peşəyə sahib olması, dövlət quruculuğunda fəal iştirak etməsi, yüksək peşəkarlığa, təhsilə və elmə yiyələnməsi, geniş dünyagörüşünə malik olması, əməyi sevməsi, onunla məşğul olması və təşəbbüskarlığı da vacibdir. Vətənin maddi və mənəvi sərvətlərini qorumaq, iqtisadi qüdrətinin yüksəlməsinə nail olmaq, həmişə mübariz əhval-ruhiyyədə olmaq lazımdır.
İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətindən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə vətəni sevmək deyil. Vətənpərvərlik həm də vətənin naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi, tərbiyəyə möhtacdır və o, tərbiyə yolu ilə daha da möhkəmlənir, güclənir. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəblərin ən vacib vəzifələrindən olub.
Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin inkişafı, bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, həm də onları vətənpərvər ruhda formalaşdırıb. 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirərək öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.
Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Müasir müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə təşkil edir. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir.
Rüfət Əliyev,
Salyan rayon Qızılağac kənd inzibati
ərazi dariəsi üzrə nümayəndənin m