Salyan Rayon İcra Hakimiyyəti yanında ictimai şuranın üzvləri Novruz bayramı ərəfəsində rayonun bir qrup şəhid ailələrində olmuşlar. Qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş oğullarımızın xatirəsi ehtiramla yad edilmiş, Azərbaycanımızın işğal altında olan torpaqlarının azad edilməsində onların əvəzsiz xidmətləri xatırlanmışdır.
Azərbaycan tarixinə Vətən müharibəsi kimi daxil olmuş, 44 gün davam edən Zəfər döyüşlərinin hər bir iştirakçısının həyatı vətənə, xalqa məhəbbət, dövlət və dövlətçiliyimizə sədaqət nümunəsidir. Torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda gedən "Dəmir yumruq" əməliyyatında Salyan rayonunun 60 oğlu şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə iştirak etmiş 4 hərbçimiz isə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. Bu gün onların şücaəti ilə təkcə valideynləri, yaxınları deyil, bütövlükdə ictimaiyyətimiz qürur duyur.
Şəhid ailələri dövlət qayğısı ilə yanaşı, ictimaiyyətin də xüsusi diqqətindədir. Bu xeyirxah və humanist münasibətin yüksək səviyyədə təşkilində Salyan Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın da işi təqdirəlayiqdir. Şura fəaliyyətə başladığı dövrdən şəhid ailələrinin ziyarət olunmasında, problemlərinın həllində və digər məsələlərdə həmişə fəallıq göstərmişdir.
Yurdumuza qədəm qoymaqda olan Novruz bayramı ərəfəsində, xüsusən çərşənbədə İctimai Şuranın rəhbəri, "Qələbə" qəzetinin baş redaktoru, "Ana Kür" İctimai Birliyinin sədri Rüstəm Məlikov, üzvlərdən rayon ziyalılar birliyinin sədri Allahverdi Piriyev, rayon ağsaqqallar şurasının sədr müavini Məhəmməd Ağayev, Respublika Uşaq Fondu Salyan rayon şöbəsinin sədri Sevinc Bünyatova, Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Salyan filialının sədri Arif Əsgərov şəhid ünvanlarında olmuşlar. Vətən müharibəsi şəhidi mayor Müseyib Zeynalovun anası Səfurə Zeynalova, MAHHX qulluqçuları, şəhid Sabir Salahovun atası Hikmət Salahov, şəhid Kamran Quliyevin anası Arzu xanım və digər doğmalarla görüşüb söhbət etmiş, qəhrəman övladlarımızın həyat hekayəsini bir daha xatırlamışlar.
Hörmət və ehtiramla qarşılanan şura üzvləri şəhid valideynlərinə belə qəhrəman oğul böyüdüb tərbiyə verdiklərinə görə, ictimaiyyət adından bir daha minnətdarlıqlarını bildirmiş və qeyd edilmişdir ki, məhz onların şücaəti və qəhrəmanlıqları hesabına yurdumuza əbədi bahar gəlmişdir.