Azərbaycan Yazıçılar Birliyi üzvlüyünə növbəti qəbul keçirilmişdir. AYB-nin qərarı ilə bir sıra tanınmış qələm sahibləri birliyə üzv qəbul edilmişlər.
Salyan rayonunda nəşr edilən "Qələbə" qəzetinin və anakur.az saytının baş redaktoru Rüstəm Məlikov da birliyə qəbul olunanlar sırasındadır. 40 ildən çox peşəkar jurnalistika ilə məşğul olan R.Məlikov bu istiqamətdə yazdığı mətbu nümunələrinə görə, respublikamızın yaradıcı təşkilatlarının təsis etdiyi müsabiqələrdə dəfələrlə yüksək nəticələr qazanmış, fəaliyyəti Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına, Azərbaycan Mətbuat Şurası tərəfindən "Ali Media" mükafatına layiq görülmüşdür. 1985-ci ildən Azərbaycan Jurnalistlər Birliyi Salyan rayon təşkilatının sədridir.
Rüstəm Məlikov son illərdə bədii publisistikaya müraciət etmiş və bir-birinin ardınca dörd kitab nəşr etdirmişdir. Müəllifin 2010-cu ildən başlayaraq Azərbaycan elminin görkəmli nümayəndələrindən hesab olunan Ramiz Qurbanov ("Alim və insan"), “Əməkdar həkim” Əvəzağa Məlikov ("80 illik ömrün 80 səhifəsi"), pedaqoji sahədə, dövlət qulluğunda fəaliyyəti ilə respublika ictimaiyyəti arasında dərin hörmət və nüfuz qazanmış ağsaqqal ziyalı Yahya Əliyev ("Miras qalmış ömür"), respublikamızın "Elm" və "Yazıçı" nəşriyyatlarına üzun müddət rəhbərlik etmiş poliqrafçı jurnalist, tərcüməci, nasir Faiq Məlikov ("Qu nəğməsi") haqqında yazdığı kitablar ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi üzvlük biletini Rüstəm müəllimə təqdim edərək ona cansağlığı və yeni yaradıcılıq uğurları arzu etmişdir.
AYB-yə üzv qəbul edilməsinə münasibət bildirən Rüstəm Məlikov deyib ki, Azərbaycan ədəbiyyatının inkişafında tarixi xidmətləri olmuş simalarla bir təşkilatda təmsil olunmaq hər bir yaradıcı şəxs üçün, xüsusən bölgədə yaşayan qələm sahibi üçün qürurverici və xüsusi məsuliyyətdir. Bu hissi şərəflə daşımağa çalışacağam.