

Uzun illərdir ki, taleyi məlum olmayan I Qarabağ müharibəsi iştirakçısı Elşən Qubad oğlu Tağıyev 1971-ci il martın 1-də Salyan rayonunun Seyidsadıqlı kəndində dünyaya göz açmışdı. Narışlı kənd orta məktəbinin VIII sinfini bitirən Elşən Salyan şəhər 104 nömrəli texniki-peşə məktəbinə daxil olaraq burada traktorçu peşəsinə yiyələnmişdi..
Mənfur qonşularımızın torpaqlarımıza olan təcavüzünə dözə bilməyən vətənpərvər həmyerlimiz 1993-cü il dekabrın 27-də könüllü surətdə cəbhəyə yollanmışdır.
Füzuli rayonunun Şükürbəyli kəndinin müdafiəsində dayanan Elşən 1994-cü il yanvarın 4-də bu kənd uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. Nəhayət, 31 il ərzində gözləri intizarla yollara dikilən doğmaların yaxınların uzun illik həsrətinə son qoyulmuşdur. 31 ildən sonra 2025-ci il fevralın 7-də Elşənin nəşinin qalıqları aşkar edilərək doğulduğu kəndə gətirilmişdir. Bu, dövlətimizin hər bir vətəndaşa necə diqqət və həssaslıqla yanaşmasının bariz nümunəsidir.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun, Millət vəkili Sadiq Muradovun, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, “N” saylı hərbi hissənin bir qrup əsgər və zabitinin, idarə, müəssisə və təşkilatların kollektivlərinin, rayon ictimaiyyəti nümayəndələrinin, şəhidin doğmalarının, yaxınlarının, kənd sakinlərinin, əllərində müqəddəs üçrəngli bayraqlarımızın qürurla dalğalandığı gənclərimizin müşayiəti ilə şəhidin nəşinin qalıqları kənd qəbiristanlığında torpağa tapşırılmışdır.
Hərbi orkestr tərəfindən Dövlət Himni səslənmiş, şəhidin xatirəsinə yaylım atəşi açılmış, ruhuna dualar oxunmuş, məzarı önünə gül-çiçək dəstələri düzülmüşdür.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək Qarabağ şəhidlərinin xatirələrinin həm dövlətimiz, həm də xalqımız tərəfindən daim əziz tutulduğunu, əsrlər keçşə belə, onların heç vaxt unudulmayacağını vurğulamışdır. Bildirmişdir ki, bu gün həm I, həm də II Qarabağ şəhidlərinin ruhları şaddır, çünki 44 günlük Vətən müharibəsində və 2023-cü il 19-20 sentyabr tarixində həyata keçirilən antiterror əməliyyatında qazanılan möhtəşəm qələbələr sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tamamilə təmin edilmiş, xalqımızın, həmçinin şəhidlərimizin ən böyük arzusu həqiqətə çevrilmişdir.
