
“Sən çalış yaxşı öyrən dünyanı,
Bəşəri, bitkini, daşı, heyvanı”
Möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq sərəncamına əsasən 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması dünya ədəbiyyatının ən nüfuzlu, adlı-sanlı, korifey sənətkarlarından biri, dahi mütəfəkkir və filosof Nizami Gəncəvinin daha geniş şəkildə tədqiq olunması və dünyada daha çox tanınması baxımından xüsusi önəm kəsb edir.
Şeirdən ucalıq umma dünyada,
Çünki Nizamiylə qurtardı o da.
Nə qədər şair var, söz var, şeir var,
Dünyada onlardan mənəm yadigar-
deyən böyük şair qədim yəhudi, ərəb, fars, latın, yunan və sair. dilləri bildiyindən dünyanın məşhur alimlərinin əsərlərini mükəmməl şəkildə mənimsəməyə müvəffəq olmuşdu. “Dünyada nə qədər kitab var belə, çalışıb əlləşıb gətirdim ələ”-misralarından göründüyü kimi, dahi şair özündən əvvəlki ədəbi qaynaqlara baş vuraraq elmi dünyagörüşünü zənginləşdirmişdir. Məhz bu səy və çalışqanlığın nəticəsində tarix, dil, astronomiya, həndəsə, fizika, kimya, məntiq, fəlsəfə, ekologiya, ilahiyyat və digər sahələr üzrə elmi biliklərini poeziyasının ecazkar dili ilə ifadə edə bilmişdir. Nizami Gəncəvi mütəfəkkir şair olaraq “Sən çalış yaxşı öyrən dünyanı, bəşəri, bitkini, daşı, heyvanı” düşüncəsi ilə əxz etdiyi ayrı-ayrı elmlərin incəliklərini poeziyaya gətirərək dərin idraka, parlaq zəkaya malik olduğunu nümayiş etdirmişdir.
“Sirlər xəzinəsi” poemasında aşağıdakı misralara diqqət yetirək:
Gündoğandan yayılmış qızıl bütün cahana.
Fəqət, günbatan zəri deyib cahillər ona.
Səxavətə düşməndir həm Qərb, həm də Qərb əhli,
Şərq ilə Şərq əhlisə səxavətin məşəli.
Şərqin Sultanı Günəş nə verirsə hər səhər,
Axşamüstü qərb olar, dilənçilik dilənər.
Bu misralardan dahi şair-mütəfəkkirin Şərqi, Qərbi yaxşı tanıdığını, onların coğrafi vəziyyətlərinə dərindən bələd olduğunu, aralarındakı fərqi, Tanrının Qərbə nisbətən Şərqə daha çox sərvətlər bəxş etdiyini poetik şəkildə açıb-göstərmişdir.
Həmin poemadan aşağıdakı iki misranın hikmətinə, məna yükünə vardıqca, böyük söz ustadının dərin idrakına, parlaq zəkasına heyran qalmaya bilmirsən:
Sədəfin axar suyu olsa da sonsuz ümman,
Bircə damla yağışdır onda inci yaradan .
Bu beytin demək istədiyi mətləbi anlamaq üçün məşhur bir təbiət hadisəsini bilmək lazımdır. Məlumdur ki, bəzi okean və dənizlərin təkində xeyli inci ehtiyatı toplanmışdır. Hər il aprel ayında bahar yağmuruyla dolu buludlar topa-topa dənizin üzərində asılıb qalır və özünün leysan yağışlarını sulara yağdırır. Bu zaman instinkt olaraq suların təkində minlərlə içi boş sədəf(dəniz böcəyinin qabığı)suyun üzünə çıxır və su zanbağı kimi ağzını açır. Hər sədəf həmin buludlardan bir damla yağış alan kimi yenə yumulur və damlanın ağırlığı ilə okeanın və dənizin dibinə enər. Bir müddət keçdikdən sonra damcı sədəfin içində inciyə çevrilir. Başqa sözlə, təbiətin möcüzəsi baş verir.
Yenə də həmin poemadan söz mülkünün padşahının alim səviyyəsində olan fikirləri diqqəti çəkir:
Əsib yerin layları, titrəyir neçin, nədən,
“Qiyamət zəlzələsi” dəhşətdir ayəsində.
Zəlzələdən çökürsə Yer kürəsi,
Fələk zəncirlərinin çürüməzmi həlqəsi?
Sökülür qəlpə-qəlpə Yer kürəsi-yanar dağ,
Qırır zəncirlərini zəncir divanəsi, bax.
Burada “Qiyamət zəlzələsi”ndən söhbət getsə də, ümumilikdə, şairin bu təbiət hadisəsi barədə dərin, mükəmməl fikirləri heyranedicidir.
Dünya poeziya xəzinəsinin nadir incilərindən olan 60 min misralıq “Xəmsə”nin ikinci məsnəvisi olan “Xosrov və Şirin”də də şairin poeziyanın dili ilə ifadə etdiyi elmi fikirlər yetərincədir. Son dərəcə məntiqi, düşündürücü fikirlər söyləyən dünya şöhrətli şair özünün dahiyanə misraları ilə oxucunu heyrətə gətirir, poeziyasının qüdrətli dili ilə dərin mətləbləri böyük sənətkarlıqla izhar edir:
Aman bu fələkdən, min oyun qurur,
Gah şüşə qayırır, gah da sındırır.
Xəzan olur sonu hər ilk baharın.
Bal qayırdı arı əvvəlcə, ancaq
Sonra özü yedi bala qonaraq.
Güvənmə bədənə, torpaqdır sonu,
Əcəl bir yel kimi qoparar onu.
Mütəfəkkir şair bu şeir parçasında insanı şüşəyə, ilk bahara bənzədir. Tanrının insanı dünyadan aparmasını şüşənin sınması, ilk baharın xəzana dönməsi kimi təsvir edir və insanın təkəbbürlü olmamasını, onun bir gün torpaq olacağını poeziyanın dili ilə yada salır.
“Leyli və Məcnun” poemasında Nizami Gəncəvi payız fəslinin incəliklərini dahi şair, alim, mütəxəssis kimi elə təsvir edir ki, göz önündə bu fəslin möhtəşəm, əsrarəngiz tablosu canlanır:
Qaydadır yarpaqlar tökülən zaman.
Qanlı sular axar o yarpaqlardan.
Hər bir budağın ki, içində qan var,
Axır, deşiklərdən süzüb damarlar.
Suyun şüşəsi də soyuyub donar.
Ölüm zərbəsilə qabarar budaq,
Torpağa pay olar hər qızıl yarpaq.
Nərgiz öz köçünü dəvəyə çatar,
Şümşad taxtdan düşüb, tacını atar.
Yasəmən siması saralar yenə.
Gül də qan məktubu alar əlinə.
....................................................
Qaydadır acı bir külək əsəndə
Tökülən yarpaq da solar çəməndə.
Beləliklə, məlum olur ki, təkcə Azərbaycanın, türk dünyasının yox, bütün dünyanın fəxr etdiyi, qürur duyduğu Nizami Gəncəvi həm böyük şair, həm də böyük alim idi.
Fələk yaradırkən deyib mənə “şir”,
Lakin bu vücudum bir yun “heykəldir,
Deyiləm düşmənlə döyüşən şirdən,
Yetər ki, özümlə döyüşürəm mən.
Bu misralardan göründüyü kimi, “Şir” bürcü altında doğulan şair həm də söz meydanının “Şir”i idi.
Digər dahi sənətkarlar kimi, Nizami Gəncəvi də öz böyüklüyünü yaradıcılığında ifadə etmişdir:
Mən fikirlər ustadıyam, fəzilətim bir ümmandır.
Zamanlara, məkanlara hökm etməyim səmadandır.
Mən kainat məşəliyəm, mən dördüncü qatda-günəş,
Mən ikinci İsayam ki. xoş nəfəsim bir loğmandır.
Əzizağa Məmmədli,şair-publisist,
"Ana Kür" ekoloji problemlərin öyrənilməsinə kömək ictimai birliyinin üzvü.
.