Sentyabrın 18-də “ASAN xidmət"in, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Coca-Cola” şirkətinin, “ASAN Könüllüləri” Təşkilatının və ASAN Könüllülük Məktəbinin "Yaşıl ASAN" proqramının birgə təşkilatçılığı ilə Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bakı çimərliklərində “Xəzəri qoruyaq” şüarı ilə təmizlik aksiyası keçirilib.
Tədbirin tərəfdaşları qismində Bakcell, PAŞA Bank, “Carlsberg Azerbaijan”, “AzEcol”, şirkətləri yer alıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, aksiyanı dəstəkləyən qurumlar sırasında isə Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, ADA universiteti, AFFA, Azərbaycan Velosiped İdmanı Federasiyası, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ABŞ-ın Azərbaycandakı səfirliyi var.
Bu il 1000 nəfərdən çox könüllünün iştirakı ilə baş tutan aksiyada Xəzərin Bilgəh, Pirşağı, Goradil, Novxanı, Corat çimərliklərində sahilyanı ərazilər tullantılardan təmizlənib.
Ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etmək məqsədilə keçirilən aksiyada 25 hektar ərazidən ümumilikdə 6.5 ton tullantı toplanılıb.
Son 30 il müddətində dünyanın 100-dən çox ölkəsi hər il sentyabrın üçüncü şənbə gününü Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd edir. Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada “Xəzəri qoruyaq” şüarı ilə artıq 10 ildir iştirak edir və ildən-ilə aksiyanın miqyası genişlənir.
Aksiya Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq bütün iştirakçılar antiseptik vasitələrlə təmin olunub və aksiya sosial məsafənin qorunması, o cümlədən Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə mövcud məhdudiyyətlər nəzərə alınaraq təşkil edilib.
Xatırladaq ki, Azərbaycanda son 10 il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 45 hektaradək ərazisi təxminən 40 ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq məlumatlar “Ocean Concervancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.