Kür çayının deltasında suaşıran bənd inşa olunur.
Neftçalada dəniz suyunun Kür çayına qarışmasının qarşısını almaq üçün deltada suaşıran bəndlərin vurulması davam edir
Anakur.az xəbər verir ki, son illər Neftçalada dəniz suyunun Kür çayına qarıması və suyun şorlaşması yerli sakinlərin ciddi narahatlığına səbəb olmuşdu. Belə ki, çay şorlaşdığından əhali həm içməli su sarıdan, həm də əkin sahələrinin suvarımasında çətinliklər çəkirdi. Bu da əhalinin yaşayış tərzinə mənfi təsir göstərirdi.
Nəhayət bu probıemin həll edilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Meliorasiya və Su Təsərrüfatları ASC-nin mütəxəssisləri tərəfindən Kür çayı boyu 50 kilometrlik ərazidə yuxarı axına doğru monitorinqlər keçirilib, çaydan su nümuləri götürülərək analizlər edilib. Problemin həlli istiqamətində layihə hazırlanıb.
Artıq layihə çərçivəsində dəniz su axınının qarşısının alınması məqsədi ilə çayın deltasında Əsas Qol və Bala Kürün mənsəbində oktyabrın 25-dən etibarən su aşıran bəndlərin vurulmasına başlanılıb. Son günlər havaların qeyri-sabit keçməsi nəticəsində bəndvurma işlərində fasilələr yaranmasına baxmayaraq işlər yenidən davam etdirilir.
“Bəndvurma işlərinə 50-yə yaxın müxtəlif təyinatlı texnika cəlb olunub. Həmin texnikalar vasitəsi ilə fiziki-mexaniki xüsusiyyətlərini çox az dəyişən qum-çınqıl qarışığı daşınır, çayın deltasına tökülür. Artıq suaşıran bəndlərin 80-85 faizində işlər yekunlaşıb. Kürün Əsas Qoluna vurulan bəndin uzunluğu 350 metr, eni 16 metr, Bala Kürə vurulan bəndin uzunluğu isə 200 metr təşkil edəcək”-deyə iş icraçısı Famil Yolçuyev bildirir.
İş icraçısı Famil Yolçuyevin sözlərinə görə, suaşıran rolunu oynayacaq bu bəndlərin üst hissəsinin Xəzər dənizinin su səviyyəsindən ən azı 20 santimetr hündür olacaq. Kürün qarşısı kəsildikdən sonra bəndlərin üstü xüsusi hazırlanmış dəmir torlarla örtüləcək və üzəri çay daşları ilə bərkidiləcək. Bu da bəndin üzərindən su keçərkən yuyulmanın qarşısını alacaq. Bundan əlavə balıqların dənizdən çaya və ya əks istiqamətə keçməsi üçün xüsusi qurğular da tikiləcək. Həmin qurğuların dərinliyi 60 santimetr, eni isə 4,7 metr olacaq. Bununla da bu problem öz həllini tapacaq.
“Çayın Əsas Qolunda vurulmuş suaşıran bəndin üzərindən saniyədə 735 kubmetr, Bala Kürdə isə 425 kubmetr su ötürmək mümkün olacaq. Gələcəkdə Kür daşqınları baş verərsə, yəni saniyədə 1500-2000 kubmetr su keçərsə, o zaman bənd yuyulmaqla sahilboyu yaşayış məntəqələrində təhlükə sovuşacaq”,-Famil Yolcuyev deyir.