BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyanın ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir.
Anakur.az xəbər verir ki, hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilmişdir.
COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir.
2024-cü il COP29-a ev sahibliyi etmək növbə Şərqi Avropa regional qrupuna düşür. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif etmişdir. Azərbaycanla yanaşı Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürmüşdür. 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Ofisi arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbycanın xeyrinə öz namizədliyini geri çəkmişdir. Bolqarıstan da bundan sonra öz namizədliyini geri çəkmiş və nəticədə bu gün dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyən etmişdir. Rəsmi qərar dekabrın 12-də plenar iclas zamanı veriləcəkdir.
Azərbaycan Respublikası Prezidenti tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə nail olmuşdur. Vətən müharibəsində qazandığımız şanlı zəfər ölkəmizi dünyada daha güclü dövlət kimi tanıtmışdır. Dövlət başçısının uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq səviyyədə nüfuzu günbəgün artmaqdadır.
Azərbaycan son 4 il ərzində BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik etmiş və növbəti sədrliklərə uğurlu miras buraxmışdır.
Ölkəmiz qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirmişdir. Yüksək inkişaf göstəricilərinə nail olan Azərbaycanın belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura malik olması və təhlükəsizlik baxımından sabit ölkə olması bütün dünya ictimaiyyətinə məlumdur.
Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Respublikası Prezidentinin növbəti təntənəli qələbəsidir. Bu Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dövlət başçısı bir daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübut etdi. Azərbaycan Respublikasının Prezidenti bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaqdır.
2023-cü il Azərbaycanın öz suverenliyini tam bərpa etməsi ilə tariximizə qızıl hərflərlə yazıldı. Bu möhtəşəm ili növbəti qələbə ilə yekunlaşdırırıq.
Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulmuşdur. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35% azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilmişdir ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40% azaldılmasından ibarətdir.
Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "Yaşıl enerji" zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.