“Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ekoloji QHT-lər, Azərbaycan ictimaiyyəti dünən sosial şəbəkələrdə və televiziyalarda Kəlbəcər ərazisində ermənilərin barbarlığını nümayiş etdirən foto və videolarda əks olunanları qətiyyətlə pisləyir və bu hərəkətləri insanlığa, təbiətə qarşı əsil düşmənçilik kimi qiymətləndirir”.
APA bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında bildirib.Nazirlik rəsmisinin sözlərinə görə, təcavüzkar Ermənistan tərəfindən işğal altındakı ərazilərdəki flora və faunanın məhvi, xüsusən də Cəbrayıl, Zəngilan, Qubadlı və işğaldan azad olunmuş digər ərazilərimizdə yaşı iki min ildən artıq olan təbiət abidələrinin-çinarların kəsilməsi, Şuşa ətrafındakı Topxana meşəsinin qadağan olunmuş ağ fosforla yandırılması, indi də Kəlbəcərdə ağacların kəsilməsi, meşələrin yandırılması və ətraf mühitə qəsdən zərər verilməsi təbiətə qarşı ən ağır cinayətdir.
"Bu barbarlığa biz dünən yayılan foto və videolarda bir daha şahid olduq. Bu ekoloji cinayətlər illərlə Azərkosmosdan alınmış foto faktlarda da təsdiq olunub. Eyni zamanda, yaşıllıqlara, meşə sahələrinə, bölgənin biomüxtəlifliyinə qarşı törədilən soyqırım, yaradılmış Əməliyyat qrupunda təmsil olunan nazirliyimizin əməkdaşlarının keçirdiyi monitorinqlərin ilkin nəticələrində də öz əksini tapıb".
Nazir müavini qeyd edib ki, mövcud faktlar müvafiq beynəlxalq konvensiyaların katibliklərinə təqdim edilib.
"Təbiətin məhv edilməsinə, qonşu xalqa nifrət və düşmənçiliyin bu cür vəhşi formada ifadəsinə son qoyulması, talançılığın qeydə alınması və ziyanların hesablanması üçün beynəlxalq müşahidə və qiymətləndirmə qrupları Azərbaycana dəvət olunacaq.
Ekoloji terror faktlarına qiymət verilməsi üçün səylərimizi davam etdirməklə yanaşı, işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində işlərə artıq başlamışıq. İşğaldan azad olunmuş ərazilərdə noyabrın 11-dən başlayaraq müxtəlif növ ağac tingləri əkilir, meşə örtüyünün və yaşlllıqların bərpası istiqamətində tədbirlər görülür. Qarabağ ərazisində fəaliyyətimiz bundan sonra daha da intensivliklə davam etdiriləcək".