Gündəlik həyatda polietilen torbalar və birdəfəlik istifadə üçün plastik qabların istifadəsinə tez-tez rast gəlirik. Onların istifadəsi isə insan sağlamlığına və ətraf mühitə zərərdir.
Buna görə də Milli Məclisin bugünki iclasında “Ətraf mühitin mühafizəsi haqqında” qanunda dəyişiklik ediləcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova açıqlama verib:
“Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çubuq, çəngəl, qaşıq, boşqab və stəkanların idxalı, istehsalı, habelə istehlakçıya satılmasının qadağan olunma məsələsinə baxılması nəzərdə tutulub.
Qanun müddəalarını pozan şəxsləri cərimə gözləyəcək. Bir il ərzində ikinci dəfə qayda pozuntusuna yol verən şəxslər üçün artıq cərimə tam sərtləşdirilmiş qaydada tətbiq olunacaq.
Qeyd etmək lazımdır ki, 15 mikrona kimi olan plastik torbalar və tək istifadəlik qablar təkrar emala yararlı deyil. Eyni zamanda polietilenl yüngül çəkili olduğundan su tutarlarını, kanalizasiya borularını çirkləndirir, torpaq qatını zərərləyir. Plastik qablaşdırmada saxlanılan qidalar zəhərli maddələrlə qarışaraq, orqanizmə daxil olur. Bu da sağlamlıq üçün çox zərərlidir”.
S.Məmmədovanın sözlərinə görə, polietilen torbaların və plastik qabların alternativləri çox çeşidlidir:
“Politelin torbalara alternativ kimi parça, kağız torbalar, həsir çantaları göstərmək olar. Bunları istər bir çox marketlərdə, istərsə digər satış yerlərində müxtəlif zövqə və hər büdcəyə uyğun əldə etmək olar.
Birdəfəlik plastik qabları isə rahatlıqla kağız, şüşə, metal alternativləri ilə əvəz edə bilərik”.