Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları Bəyanatın 6-cı bəndinə əsasən Ermənistan işğal etdiyi Laçın rayonunu bu gün Azərbaycana qaytarır.
Modern.az xəbər verir ki, Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.
Qeyd edək ki, 28 ildən çox idi Ermənistan Laçını işğal altında saxlayırdı.
Nəhayət sentyabrın 27-dən başlanan Vətən Müharibəsi nəticəsində şanlı ordumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini düşmən işğalından azad etdi. Nəticədə Ermənistan siyasi-hərbi rəhbərliyi müharibəni uduzduğunu görərək təslim olmağa qərar verdi.
Beləliklə, noyabrın 10-da Ermənistan Baş naziri işğal altındakı digər rayonları, o cümlədən Laçını Azərbaycana qaytaracağına imza atdı.
Qeyd edək ki, üçtərəfli razılaşmaya əsasən Ermənistan Respublikası 1 dekabr 2020-ci il tarixinədək Laçın rayonunu Azərbaycana qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.
Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.
Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.
Xatırladaq ki, bundan öncə Ağdam və Kəlbəcər rayonları Azərbaycana qaytarılıb.
Turan ASLAN