Salyan rayonunun yetirdiyi qəhrəman oğullardan biri olan mayor Müseyib Saleh oğlu Zeynalovun bu gün 27 Yanvar doğum günü idi. Doğmaları, yaxınları, beş bacının bir qardaşı olmuş Müseyibin ad gününü ilk dəfə onsuz, ata yurdunda, doğulub boya- başa çatdığı ocağa qeyd etdilər.
Anakur.az-ın əməkdaşları da bu tədbirdə iştirak etmişlər. Cay süfrəsi arxasında igid oğlumuz bir daha xatırlanmışdır. Şəhid mayorun atası Saleh kişi, bacısı Kəmalə xanım və başqaları 1978-ci ilin 27 yanvarında dünyaya gəlmiş Müseyibin uşaqlıq, gənclik illərindən, hərbi təhsilindən və Aprel döyüşlərində göstərdiyi igidliklərdən danışmış və Vətən müharibəsində geçdiyi döyüş yolunu, göstərdiyi qəhrəmanlıqları bir daha xatırlamış, vətən uğrunda şəhid olmuş bütün şəhidlərimizə rəhmət dilənmişdir.
Vurğulanmışdır ki, “Dəmir yumruq” əməliyyatı kimi tarixə düşən və cəmi 44 gün davam edən Vətən müharibəsində şanlı Ordumuz mənfur düşmənə sarsıdıcı zərbə vuraraq noyabrın 10-da Ermənistanın Baş nazirini “Kapitulyasiya Aktı”nı imzalamağa məcbur etdi. Xalqımıza Zəfər gününü yaşadanlar arasında ürəyində sönməz Vətən eşqi alışıb-yanan, onun yolunda hər an canından belə keçməyə hazır olan həmyerlimiz mayor Müseyib Saleh oğlu Zeynalov da var idi.
Hələ erkən yaşlarından müqəddəs yurd yerlərimizi erməni faşistlərinin əsarətindən xilas etmək arzusu Müseyibin 1993-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmasına səbəb olmuşdu. 1996-cı ildə hərbi bilik və savadını artırmaq üçün elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyasına daxil olmuş, buranı müvəffəqiyyətlə bitirmişdir. Müseyib Zeynalov Hərbi Akademiyada 12 il müəllimlik etmişdir.
2016-cı ilin Aprel döyüşlərinin fəal iştirakçılarından biri olan vətənpərvər eloğlumuz haqq, ədalət savaşımız olan ikinci Qarabağ müharibəsinə də biganə qala bilməmiş, könüllü olaraq döyüş cəbhəsinə yollanmışdır. Cəbrayılın, Zəngilanın azad olunmasında igidliyi, cəsarəti ilə seçilən mayor Müseyib Zeynalov Qubadlıda gedən şiddətli döyüşlər zamanı komandirinin mənfur düşmən tərəfindən vurulduğunu görüb, təkbaşına erməni faşistlərinin üzərinə gedərək üstündəki qumbaraları onlara tərəf atmışdır. Çoxsaylı düşməni gəbərdən qorxmaz eloğlumuz minaya düşərək qəhrəmancasına şəhid olmuşdur. İki gün neytral zonada qaldıqdan sonra silahdaşları onun nəşini döyüş meydanından çıxararaq ailəsinə təhvil vermişlər.
Göstərdiyi igidlik, şücaət dövlətimiz tərəfindən layiqincə dəyərləndirilmiş, ölkə başçımız, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə cəsur həmvətənimiz ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Rüstəm Məlikov.
Əzizağa Məmmədli.