Salyan rayonunun Sarvan kəndində yaşayan Cahangir Qaraşov və onun doğmaları, yaxınları, kənd sakinləri mart ayının 31-ni Birinci Qarabağ müharibəsində 21 yaşında şəhid olmuş oğlu Nailin ad günü kimi qeyd edirlər. Karonaviris pandemiyası ilə əlaqədar tədbir ictimailəşməsə də ən əziz adamlar onun doğulduğu ata yurdunda bir yerə gəlib ruhunu yad etməyi borc bilirlər.
“Dağlar Qartalı” kimi tanınıb məşhurlaşan Nail Qaraşovun döyüş yolu 1992-ci ilin oktyabrından başlamışdı. Böyüyüb boya-başa çatdığı Sarvan kəndində zəhmətkeş, qorxmaz çoban kimi tanınan Nail çomağını silahla əvəz edərək döyüşlərə atıldı. Müqəddəs torpaqlarımızın düşmən tapdağı altında qalması ilə barışa bilməyən vətənpərvər həmyerlimiz döyüş cəbhəsinə yollandı. Hocaz dağında qanlı döyüşlər gedirdi. Kömək gəlmədiyindən Nail yeddi cəbhədaşı ilə mühasirəyə düşmüşdü. Üç gün idi ki, mühasirədə idilər. Aclıq, susuzluq Nailgili haldan salmışdı. Çürümüş meyvələrlə qidalanmaq məcburiyyətində qalmışdılar. Dördüncü gün Nail döyüşçü yoldaşları ilə birlikdə Kəlbəcər bölgəsinə çatır. Bu məqamda erməni faşistləri ilə gəlirlər. Əlbəyaxa döyüş başlanır. Nailgil bir ermənini öldürüb üçünü isə əsir götürürlər. Əsirləri qulluq etdikləri hissəyə gətirib komandirlərinə təhvil verirlər.
Üç ilə yaxın idi ki, ön cəbhədə döyüşürdü Nail. Döyüşdən-döyüşə püxtələşən cəsur həmyerlimiz silahdaşları arasında böyük hörmət qazanmışdı. Mərd, qorxmaz həmyerlimizi hamı “Dağlar Qartalı” deyə çağırırdılar.
11 fevral 1994-cü il. Kəlbəcər torpağının hər qarışı uğrunda ölüm-dirim savaşı gedirdi. Milli ordumuzun igid döyüşçüləri erməni işğalçılarına güclü zərbələr vuraraq Kəlbəcər şəhərinə yaxınlaşırdılar. Nail bu döyüşdə d\ə fəallığı ilə fərqlənirdi. Tuneldə Nail və 8 cəbhədaşı erməni quldurları ilə qarşılaşır. Yenidən ağır əlbəyaxa döyüş başlayır. Mənfur düşmənə nifrəti, qəzəbi aşıb-daşan Nail iki ermənini öldürür. Üçüncüsünü də gəbərtmək istəyərkən onu arxadan bıçaqla vururlar. Ürək nahiyəsindən ağır bıçaq yarası alan Nailin gözləri qaralır. Bir gün yaralı, qan içində qalır Nail. Sonradan cəbhədaşlarının köməyi ilə Hacıkəndə gətirilir. Lakin artıq gec idi. Beləliklə, igid şəhidimiz ən ali məqama-şəhidlik zirvəsinə yüksəlir.
Ölkə başçısının sərəncamına əsasən, şəhid ailələri üçün nəzərdə tutulmuş mənzillərin fonunda Nail Qaraşovun da ailəsinə verilmiş yaraşıqlı evdə qəhrəman şəhidimizin doğum günü keçirildi. Yaxın qohum kimi , gəlmişdim ki, ad günü münasibətilə şəhidimizi təbrik edim. Ancaq ev sahibini evində görə bilmədim. Duyğularımı ürəyimdən axıb gələn aşağıdakı şeirimlə bildirmək istəyirəm.
Qartalın məskəni zirvələrdədir
Gəlmişik evinə dostla, tanışla,
Hər daşın, divarın bizə əzizdir.
Gələn qonaqları bir dur qarşıla,
Deyirlər şəhidlər, axı, ölməzdir.
Adına ucalan bu ev, bu ocaq
Şəhidlik zirvənə bir ehtiramdır.
Məkanın olsa da müqəddəs torpaq,
Həyatda qalacaq bir ünvanındır.
Bu gün ad günündür, doğum günündür,
Əllicə yaşına bircə il qalıb.
O qısa ömründə elə yaşadın,
Adın qəlbimizdə əbədi qalıb.
Səni təbrik üçün gəldim, şəhidim,
Sözlər kəlmə-kəlmə dilimdə qaldı.
Evində mən səni görə bilmədim,
Arzular yığılıb ürəkdə qaldı.
Özün olmasan da müqəddəs ruhun
Burda bizimlədir –öz evindədir.
İgid Qartalısan qarlı Murovun,
Qartalın məskəni zirvələrdədir!
Əli Mirzə Bəşirli
Salyan rayonu, Sarvan kəndi