İmmun sistemin güclənməsi üçün hər fəsildə yetişən meyvələrlə qidalanmaq əsas şərtdir. Payızda orqanizmin lazımi vitaminlərlə təmin edilməsi onun qışa hazırlanmasında mühüm rol oynayır.
Həkim-fitoterapevt Fizuli Hüseynov bu barədə AZƏRTAC-a məlumat verərək deyib: “Payızda yetişən meyvələrin hərəsi özündə bir qrup vitamin cəmləşdirir. C qrupu vitaminləri ilə zəngin olan portağal soyuqdəymə, qrip və zökəmin sağalmasına kömək edən əsas vasitələrdən biridir. Portağal özündə B vitamini, kalsium, maqnezium ehtiva edir, ürək xəstəliyi və iflicdən qoruyur, mədə xərçənginin qarşısını alır, dərini təravətləndirir. Tərkibindəki minerallar dəridəki qırışların qarşısını alır, qaraciyərin düzgün işləməsini tənzimləyir, həzmi asanlaşdırır. Hər səhər 1 stəkan portağal şirəsi içmək gün ərzində gümrahlığı təmin edir.
Heyva əsasən ürək, qaraciyər, boğaz, mədə, göz və bağırsaq xəstəliklərində faydalıdır. Tərkibi protein, şəkər, A, B2, C vitamini və dəmir mineralı ilə zəngindir. Uşaqların sağlam böyüməsi və inkişafını tənzimləyir, dərini və dırnaqları parlaqlaşdırır. Kərə yağında bişirilən heyva öskürəyin qarşısını alaraq tənəffüs yollarını açır. Meyvənin çiçəyini qaynadıb içmək ürəyi gəncləndirir və baş ağrısının qarşısını alır. Yuxusuzluqdan əziyyət çəkənlər üçün heyva yarpağı əsl dərmandır. Banan qan dövranını tənzimləyir, ürəyə və əzələlərə, yüksək təzyiqin qarşısını almağa müsbət təsir göstərir, yorğunluğu aradan qaldırır”.
Onun dediyinə görə, tərkibi A, B1, B2 və C vitaminləri ilə yanaşı kalium və maqneziumla da zəngin olan üzüm əsl şəfa mənbəyidir: “Beyni enerji ilə təmin edən üzüm ağciyər xəstəliyi, əsəb pozğunluğu, yaddaş zəifliyi, qan azlığı, nəfəs darlığı və qaraciyər zəifliyinə müsbət təsir göstərir. Alma yemək ürək-damar xəstəliklərinin yaranma riskini 50 faiz azaldır, həzm sistemi pozğunluğunu aradan qaldırır, qan şəkərini nəzarətdə saxlayır. Armudun tərkibindəki vitaminlər böyrəkdəki daş və duzların təmizlənməsinə kömək edir, təzyiqi salır, qanı tənzimləyir. Revmatizmin müalicəsində faydalı təsir göstərir. Onu yeməkdən əvvəl qəbul etmək məsləhətdir. Zoğal çox qüvvətli antioksidantddır, qan azlığı və mədə xəstəliyinin dərmanıdır. Yarpaqlarından dəmlənmiş çay bədəni möhkəmləndirən vasitə kimi tövsiyə olunur. Onun qurudulmuş çəyirdəyini üyüdülərək açıq yaranın üstünə səpəndə yara sürətlə sağalır. Təzə dərilmiş zoğal meyvəsindən hazırlanan sirop angina və sınqa xəstəliklərində yaxşı səmərə verir. Xurma beynin məhsuldarlığını 20 faizə qədər artırır. Onun müntəzəm istifadəsi immun sistemini gücləndirir. Ürək xəstəlikləri zamanı müntəzəm olaraq xurma yemək ürəyin fəaliyyətinin bərpası üçün ən yaxşı vasitələrdən biridir, gözlərə və görmə qabiliyyətinə xeyirlidir. Nar meyvəsi zökəm xəstəliyində yaxşı təsir göstərir. Tərkibində antioksidantlar, virus əleyhinə bakteriyalar var. Gün ərzində 1 stəkan nar suyu içmək gün boyu gümrahlıq hissi yaradır”.
Həkim-fitoterapevt əncirin müalicəvi keyfiyyətləri barədə isə bunları deyib: “Əncir ödqovucudur, qaraciyəri möhkəmləndirir. Süd içə bilməyənlərin əncir yeməsi məsləhətdir, çünki tərkibindəki yüksək miqdarda kalsium sayəsində sümük və dişləri möhkəmləndirir. Ənciri astma və öskürək zamanı da məsləhət görürlər. Süddə bişirilmiş əncirin nəfəs yolları xəstəliklərində böyük faydası var. Təzə ənciri birdəfəyə ancaq 300 qram, qurusunu isə 120 qrama qədər yemək olar. Müalicə məqsədilə yalnız əncirin meyvəsindən deyil, həm də yarpaqlarından istifadə edirlər. Yarpaqlarının cövhəri öskürək, bronxial astma və böyrək xəstəlikləri zamanı qəbul edilir”.