Bu günlərdə uzun illər fasilədən sonra Şuşada keçirilən “Xarıbülbül” festivalı dünyanın diqqətini yenidən Azərbaycana yönəltdi. Bu musiqi festivalı təkcə Azərbaycan xalqının mədəniyyət bayramı kimi dəyərləndirilməməlidir. Bu festival bir daha dünyaya sübut edəcək ki, Azərbaycan xalqının erməni faşizmi üzərindəki Zəfəri regionda və dünyada sülhə bir töhfədir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bildirib.
M.İbrahimqızının sözlərinə görə, mədəniyyət və incəsənət sərhəd tanımır. Şuşada keçilən musiqi festivalında uzun əsrlərdir ki, Azərbaycanda yaşayan müxtəlif xalqlara məxsus musiqi nömrələrinin səsləndirilməsi xalqımızın zəngin multikultural dəyərlərinin və tolerantlığımızın təcəssümü olacaqdır.
Deputat vurğulayıb ki, beynəlxalq ictimaiyyət, eləcə də beynəlxalq təşkilatlar nəhayət ki, birmənalı olaraq başa düşməlidir ki, təcavüzkar Ermənistanın 30 ilə yaxın müddətdə işğalda saxladığı bu ərazilər terrorçuluğun, silah qaçaqmalçılığın, narkotik vasitələrin daşıma mərkəzinə çevrilmişdi. Bu isə nəinki Azərbaycan, eyni zamanda, insanlıq üçün ciddi təhlükə idi.
Məlahət İbrahimqızı deyib: “Məhz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun şücaəti sayəsində insanlıq bu qlobal təhlükədən, yəni erməni faşizmindən xilas oldu. Hər birimiz əminik ki, dövlətimizin apardığı siyasət nəticəsində Şuşa beynəlxalq səviyyəli mədəniyyət tədbirlərinə ev sahibliyi etməklə, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcəkdir. Şuşa bizim doğma şəhərimiz, mədəniyyət beşiyimizdir”.
Deputat qeyd edib ki, həyata keçirdiyi çoxsaylı tədbirləri ilə Azərbaycanı dünyada daha da tanıdan Heydər Əliyev Fondu “Xarıbülbül” musiqi festivalı təşkil etməklə növbəti nəcib addım atıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır