Könlümün sevgili məhbubi mənim,
Vətənimdir, Vətənimdir, Vətənim!"
- avazı ilə Cıdır düzündən səslənərək, artıq yeni bir ahənglə dağlarda, qayalarda, Topxana meşəsində əks-səda verdi. Bəli, bu gün daha bir xəyalımızın gerçəkləşən günüdür. İllərdir düşmən tapdağında qalmış və Azərbaycan oğullarının qanı-canı bahasına, igidliyi sayəsində azadlığına, xalqına qovuşmuş milli qürurumuz, baş tacımız Şuşa şəhərinin yeni işıqlı dövrünün ilk çal-çağırlı günüdür. Uzun illərdən, uzun həsrətdən sonra tarixlər şahidi Cıdır düzü yenidən mehriban qucağını açaraq Heydər Əliyev Fondunun təşkil etdiyi “Xarıbülbül” musiqi festivalının iştirakçılarını qarşıladı. Bütün ölkə əhalisinin, Vətəndən uzaqda yaşayan soydaşlarımızın, dostlarımızın, eləcə də düşmənlərimizin gözü Şuşada - Cıdır düzündə təşkil edilmiş bu möhtəşəm festivala dikildi.
Ailə üzvləri ilə birlikdə festivalda iştirak edərək, böyük qürur və sevinc hissi ilə qonaqları salamlayan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bu möhtəşəm bayramın məramını və əhəmiyyətini bütün dünyaya çatdırdı: "Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk. Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur".
Bəli, Prezidentimizin dediyi kimi, bu festival multikulturalizm dəyərləri ilə dünya ölkələrinə örnək olan Azərbaycanda yaşayan bütün xalqların milli həmrəylik bayramıdır. Azərbaycanda yaşayan milli azlıqların təmsilçiləri - talışlar, malakanlar, ingiloylar, yəhudilər, avarlar, ləzgilər, udinlər və digər xalqların nümayəndələrinin folklor qrupları bu gözəl bahar gününə yaraşan rəngarəng çıxışları ilə bir daha göstərdilər ki, Azərbaycan hər birimizin doğma Vətənidir və onlar bu Vətənin dar günündə də, xoş günündə də yumruq kimi birləşməyi bacarırlar.
Şuşanı Azərbaycan xalqının milli sərvəti adlandıran Prezident deyib: “Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu".
Ali Baş Komandan çıxışında uzun illərdən sonra keçirilən "Xarıbülbül" festivalının şəhidlərimizin xatirəsinə həsr olunduğunu bildirib: "Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir".
Festivalın təşkil edildiyi məkanda dünyanın 13 ölkəsindən 32 rəssamın Şuşanın rəmzinə çevrilmiş və festivalın adını daşıyan Xarıbülbülün maketləri sərgilənib. Bu tarixi günə şahidlik edən şuşalıların da, bu bayramda ən böyük payı olan hərbçilərimizin də, Vətənimizin hər tərəfindən gələn qonaqların da sevincinin həddi-hüdudu yox idi. Respublikamızın Xalq artisti Polad Bülbüloğlu yenə də 32 il əvvəl olduğu kimi şaqraq nəğmələri ilə Vətənimizin hər guşəsini - Mili, Muğanı, Gəncəni, Şirvanı, Qarabağın dost ellərini - bütöv Azərbaycanı qədim Şuşamızda bir ürək etdi. Bir zamanlar öz möhtəşəm ifaları ilə Şuşanın musiqi dünyasında silinməz izlər qoyan karifey sənətkarlarımız Xan Şuşinskinin, Seyid Şuşinskinin, Bülbülün, Rəşid Behbudovun, Şövkət Ələkbərovanın unudulmaz avazları sanki yenidən canlanaraq dağlara, dərələrə səs saldı. Azərbaycan incəsənət ustaları öz ecazkar, rəngarəng ifaları ilə bütün dünyaya, həmçinin təkcə torpaqlarımıza deyil, incəsənətimizə, mənəvi dəyərlərimizə, musiqimizə də göz dikən mənfur düşmənlərimizə göstərdilər ki, Şuşa da bizimdir, "Sarı gəlin" də, "Uzundərə" də, zurna, tar, kaman, nağara da.
Bəli, bu gün bu gözəl diyarda ruhların şad olan günüdür. Xanın, Bülbülün, Seyidin, Üzeyirin və saymaqla bitib tükənməyən şuşalı düha sahiblərinin. Şuşa uğrunda canını qurban verənlərin və torpağına qovuşmadan dünyasını dəyişənlərin...
Bu gün həm də "Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir... Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!”, - deyən ulu öndər Heydər Əliyevin ruhunun şad olan, arzularının həyata keçən günüdür. Məhz onun yürütdüyü müdrik siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin polad iradəsi sayəsində xalqımız bir yumruq kimi birləşərək tariximizə qızıl hərflərlə yeni bir səhifə - şərəf və zəfər səhifəsi yazdı.
Festivalın gündəliyi başa çatsa da, bayram coşqusundan çal-çağır bitib-tükənmək bilmir. Ötən axşam Şuşanın qara buludları çəkilmiş aydın səmasında, yamyaşıl meşələrin, dağların üzərində təşkil edilən atəşfəşanlıq hər tərəfi al-əlvan işıqlarla aydınlatdı. Bu möhtəşəm mənzərəni seyr edən hər kəsin qəlbindən bir hiss keçdi: "Toy-büsatın, bayramların bol olsun, doğma Şuşa! Qoy, aydın səmaların, qarlı zirvələrin, zümrüd meşələrin bir daha top-tüfəng səsindən diksinməsin. Sənin rəmzinə çevrilmiş ecazkar təbiətinin möcüzəli çiçəyi dağlarının yamaclarını bəzəsin. Qoy, müqəddəs torpağına bir daha yad ayağı dəyməsin. Çünki sənin qədim diyarın tərlanlar oylağıdır və Xalq şairi Səməd Vurğunun "Tərlan oylağında sar ola bilməz" kəlamı adına əbədilik həkk olunub.
Düz 29 ilə yaxın bir zaman ərzində yurd-yuvalarından didərgin düşərək bayramlarını, toy-düyünlərini doğma ocaqlarından kənarda yurd həsrəti ilə keçirən qarabağlıların dilindən bu ifadə düşmürdü - "Gün o gün olsun ki...". Artıq gün o gündür. Uzun həsrətdən sonra şuşalılar müqəddəs Ramazan bayramının namazını erməni vandallarının taladığı, ancaq dövlətimizin bərpa edərək yeni həyat verdiyi Yuxarı Gövhərağa məscidində qıldılar, haqqın bərpası üçün edilən duaların qəbuluna görə şükürlər etdilər.
Uğurların bol olsun mədəniyyət paytaxtımız, doğma Şuşamız. Sənin şərəfli keçmişinə, bu gününə, elə sabahına da bu bayram, toy-büsat yaraşır.
Tahir Ağaməmmədov
AZƏRTAC-ın müxbiri