AZƏRTAC xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı 2018-ci il dekabrın 20-də ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, dünyada ərzaq istehsalat-təchizat zəncirinin daha da mürəkkəbləşdiyi, qida məhsullarının təhlükəsizliyi ilə bağlı istənilən xoşagəlməz hadisələrin insanların sağlamlığına, ticarətə, ümumilikdə bütün dünya iqtisadiyyatına mənfi təsiri nəzərə alınaraq Ümumdünya Qida Təhlükəsizliyi Günü təsis edilməsi barədə qərar verib.
Ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması məqsədilə 2017-ci il fevralın 10-da Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. 2019-cu il aprelin 29-da isə Prezidentin Fərmanı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib.
Dövlət Proqramında qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyinin və keyfiyyətinin artırılması ilə rəqabətqabiliyyətliliyinin və xarici bazarlara ixrac potensialının artırılması, kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələrə, bitki mühafizəsi vasitələrinə və baytarlıq preparatlarına nəzarət tədbirlərinin gücləndirilməsi, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılması əsas məqsədlər kimi göstərilib.